Fevralın 25-də Azərbaycan Milli İncəsənət Muzeyində Xocalı faciəsinin 34-cü ildönümünə həsr olunmuş “Xocalı soyqırımı təsviri sənətdə” adlı mühazirə dinlənilib.
Bu barədə muzeydən məlumat verilib.
Milli İncəsənət Muzeyinin Sərgi və tərtibat şöbəsinin müdiri, sənətşünas Əsəd Quliyev tərəfindən təqdim olunan mühazirədə Xocalı soyqırımının Azərbaycan təsviri sənətində əks olunmasından, mövzuya fərqli bədii yanaşmalardan geniş danışılıb. Qeyd olunub ki, muzeyin kolleksiyasında qorunan çoxsaylı rəngkarlıq və qrafika nümunələri tarixi faciənin bədii salnaməsi kimi xüsusi əhəmiyyət daşıyır.
Qarabağ müharibəsi veteranı, ehtiyatda olan polkovnik Bəhram Şeydayev çıxış edərək Xocalı həqiqətlərinin təbliğinin vacibliyini vurğulayıb, faciə qurbanlarının xatirəsinin yaşadılmasının hər bir vətəndaşın mənəvi borcu olduğunu bildirib.
Mühazirə iştirakçılar tərəfindən maraqla qarşılanıb, Xocalı soyqırımının təsviri sənətdə əksinin tarixi yaddaşın formalaşmasında mühüm rolu qeyd olunub.























