Fevralın 24-də F.Köçərli adına Respublika Uşaq Kitabxanasının 2 saylı filialının təşkilatçılığı ilə Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin 2 nömrəli Uşaq reabilitasiya mərkəzində Xocalı soyqırımının 34-cü ildönümünə həsr olunmuş maarifləndirici tədbir keçirilib.
Bu barədə kitabxanadan məlumat verilib.
Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlanıb. Xocalı şəhidlərinin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Tədbir çərçivəsində mövzuya həsr olunmuş fotostend və kitab sərgisi təşkil edilib. Uşaqların yaş xüsusiyyətləri nəzərə alınaraq Xocalı soyqırımı haqqında hazırlanmış məlumatlandırıcı təqdimat olub. Kitabxana əməkdaşları tərəfindən tarixi yaddaş, eləcə də sülhün və humanist dəyərlərin vacibliyi barədə söhbət aparılıb.
Mərkəzin əməkdaşları tərəfindən uşaqlarla birlikdə qəhrəmanlıq, birlik və vətən sevgisini ifadə edən qərənfil rəsminin çəkilməsi üzrə ustad dərsi təşkil olunub. Bu fəaliyyət uşaqların yaradıcılıq bacarıqlarının inkişafına və müsbət emosional mühitin formalaşmasına xidmət edib.
Tədbirin əsas məqsədi xüsusi qayğıya ehtiyacı olan uşaqların sosiallaşmasına dəstək olmaq, onların milli-mənəvi dəyərlər barədə məlumatlılığını artırmaq və tarixi yaddaşın qorunmasının əhəmiyyətini yaş səviyyəsinə uyğun formada çatdırmaqdan ibarət olub.





















