Cəfər Cabbarlı adına Respublika Gənclər Kitabxanasında Xocalı soyqırımının 34-cü ildönümü ilə əlaqədar yazıçı, Azərbaycan Yazıçılar Birliyinin Ədəbiyyat fondunun direktoru Varis Yolçuyevin Xocalı həqiqətlərindən bəhs edən “Qırmızı ləçəklər” əsərinin tələbələrlə müzakirəsi təşkil edilib.
Kitabxananın direktoru Aslan Cəfərov giriş sözündə təkcə Azərbaycan tarixinin deyil, bəşər tarixinin ən dəhşətli faciələrindən biri olan Xocalı soyqırımı haqqında danışıb, Azərbaycan xalqının iki yüz il ərzində erməni qəsbkarları tərəfindən etnik təmizləmə, soyqırımı siyasətinə məruz qaldığını bildirib. “Xocalı faciəsi erməni qəsbkarlarının yüzilliklər boyu Azərbaycan xalqına qarşı apardığı soyqırımı və etnik təmizləmə siyasətinin növbəti amansız, qanlı səhifəsi idi” deyən Aslan Cəfərov diqqətə çatdırıb ki, bu gün, ərazi bütövlüyümüzün bərpa edildiyi, Xocalının da işğaldan azad edildiyi bir vaxtda biz soyqırımı qurbanlarının xatirəsini qalib xalqın nümayəndəsi, qələbə qazanmış Azərbaycan vətəndaşı kimi böyük ehtiramla yad edirik.
Varis Yolçuyev Xocalı faciəsinin dünyaya tanıdılması istiqamətində Heydər Əliyev Fondunun təşəbbüsü ilə həyata keçirilən layihələrin, xüsusilə də "Xocalıya ədalət!" beynəlxalq təbliğat-təşviqat kampaniyasının əhəmiyyətini vurğulayıb. Yazıçı bu kampaniya çərçivəsində işıq üzü görən, Azərbaycanın Milli Qəhrəmanı Əlif Hacıyevin həyatı və qəhrəmanlığından bəhs edən “Qırmızı ləçəklər” və özündə böyük bir tarixi yolu əks etdirən, maraqlı faktlarla zəngin “Qızıl cib saatı” və “İrəvanda xal qalmadı” əsərlərinin yazılma tarixindən danışıb. Bir sıra maraqlı, tarixi faktları açıqlayan müəllif Xocalı haqqında həqiqətlərin dünyaya bildirilməsi, beynəlxalq aləmdə bu faciənin xalqımıza qarşı soyqırımı aktı kimi tanınması istiqamətində ədəbiyyatın, mədəniyyətin, müasir, savadlı, vətənpərvər Azərbaycan gəncliyinin müstəsna əhəmiyyətə malik olduğunu vurğulayıb.
Bakı Dövlət Universitetinin tələbələri müəllifə sualları ünvanlayıb, müzakirə formatında keçən görüşün sonunda Varis Yolçuyev fəal tələbələrə imzalı kitablarını hədiyyə edib.
Tədbirdə Gənclər Kitabxanasının hazırladı “Xocalı - uşaqlı, cavanlı, qocalı” adlı videomaterial da nümayiş etdirilib.






















