İyunun 30-da Azərbaycan Dillər Universitetində 2025-2026-cı tədris ilinin yekunu olaraq “Məzun günü” keçirilib.
İctimaiyyət nümayəndələri, professor-müəllim heyəti, tələbələr və valideynlərin iştirak etdiyi tədbirdə əvvəlcə Dövlət Himni səsləndirilib.
ADU-nun rektoru akademik Kamal Abdulla məzunları təbrik edib, onlara gələcək fəaliyyətlərində uğurlar arzu edib.
Rektor bildirib ki, universitet illəri yalnız peşə biliklərinin qazanıldığı mərhələ deyil, həm də şəxsiyyətin formalaşdığı, dostluqların yarandığı və həyatın ən yaddaqalan xatirələrinin toplandığı bir dövrdür. O, məzunlara daim öyrənməyi, yeniliklərə açıq olmağı və əldə etdikləri bilikləri cəmiyyətin inkişafı naminə uğurla tətbiq etməyi tövsiyə edib.
Rektor çıxışında məzunlara səslənərək onları Azərbaycan dövlətinə və xalqına sadiq, məsuliyyətli, vətənpərvər və peşəkar gənclər kimi fəaliyyət göstərməyə çağırıb, hər birinə gələcək həyatlarında uğurlar arzulayıb.
Tədbir çərçivəsində universitetin ictimai, elmi və mədəni həyatında fəallığı ilə seçilən tələbələrə təşəkkürnamə və fəxri diplomlar təqdim olunub.
Məzunlar üçün hazırlanan bədii proqramda musiqi nömrələri, rəqs çıxışları nümayiş olunub.
Sonda məzunlar ənənəyə uyğun olaraq akademik papaqlarını havaya ataraq tələbəlik illərinə vida edib, xatirə şəkilləri çəkdiriblər.
























