Fevralın 24-də Şəkidə İkinci Qarabağ müharibəsi şəhidi Elnur İsmayılovun (2001–2020) 25 illik yubileyinə həsr olunan “Əbədiyyətə ucalan 19-cu bahar” adlı tədbir keçirilib.

Şəki-Zaqatala Regional Mədəniyyət İdarəsinin və Mədəniyyət İşçiləri Həmkarlar İttifaqı Şəki şəhər Komitəsinin dəstəyi, Şəki şəhər Heydər Əliyev Mərkəzinin və M.F.Axundzadə adına Mədəniyyət Mərkəzinin tabeliyində fəaliyyət göstərən "Narınqala" şəhər Folklor evinin birgə təşkilatçılığı ilə keçirilən tədbirdə şəhid ailələri, qazilər, dövlət qurumlarının nümayəndələri, mədəniyyət və təhsil işçiləri, hərbçilər iştirak ediblər.

Regional idarədən bildirilib ki, Şəki şəhər Heydər Əliyev Mərkəzində keçirilən tədbir Dövlət Himninin səsləndirilməsi ilə başlanıb, şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Şəhid Elnur İsmayılov haqqında videoçarx nümayiş olunub.

Çıxış edənlər 44 günlük Vətən müharibəsində qazanılan tarixi Qələbədən, həyatının 19-cu ilində əbədiyyətə qovuşan Elnur İsmayılovun keçdiyi şərəfli döyüş yolundan, qəhrəmanlığından söz açıb, şəhidlərin əziz xatirəsinin heç bir zaman unudulmayacağını vurğulayıblar.

Şəhidin xatirəsinə həsr olunmuş musiqi nömrələri, ədəbi-bədii kompozisiyalar təqdim edilib.

Elnur Arif oğlu İsmayılov 2001-cü il fevralın 24-də Şəki rayonunun Baş Küngüt kəndində anadan olub. Vətən müharibəsi zamanı 2020-ci il oktyabrın 15-də Füzulinin azad edilməsi uğrunda gedən döyüşdə şəhid olub.

 Azərbaycan Respublikası Prezidentinin müvafiq sərəncamları ilə ölümündən sonra "Vətən uğrunda",, "Füzulinin azad olunmasına görə", "Cəsur döyüşçü" medalları ilə təltif olunub.