AMEA Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunda 21 fevral – Beynəlxalq Ana Dili Gününə həsr olunmuş tədbir keçirilib. Bu barədə institutdan məlumat verilib.

İnstitutun direktoru akademik Teymur Kərimli giriş sözündə ana dilinin insanın mənəvi aləminin zənginləşməsində, dünyagörüşünün genişlənməsində mühüm rolunu diqqətə çatdırıb. Vurğulayıb ki, Azərbaycanda ana dilinin hərtərəfli inkişafı dilimizin gözəl bilicisi Ulu öndər Heydər Əliyevin bu sahədə siyasətinin nəticəsidir, hazırda bu ənənə Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Ölkə başçısının Azərbaycan dilinin saflığının qorunması və dövlət dilindən istifadənin daha da təkmilləşdirilməsi ilə bağlı fərmanı, bu istiqamətdə imzaladığı sərəncamlar dilimizin inkişafına böyük qayğının təzahürüdür.

İnstitutun Türk dünyası əlyazmalarının tədqiqi şöbəsinin müdiri fil.e.d., dosent Aygül Hacıyeva “21 Fevral – Beynəlxalq Ana Dili Günü”, şöbənin elmi işçisi Gülüş Səfərzadə və kiçik elmi işçisi Mələkxanım Əliyeva müvafiq olaraq “Qloballaşma dövründə ana dilinin qorunması və müasir elmi məsuliyyət” və “Müasir dünyada Azərbaycan dilinin mövqeyi”, Türkdilli əlyazmaların tədqiqi şöbəsinin aparıcı elmi işçisi fil.ü.f.d., dosent Aybəniz Rəhimova “Ana dilinin pərvanələri”, şöbənin böyük elmi işçisi Nuranə Ələkbərova “Ana dilimizin keşiyində”, AMEA Dilçilik İnstitutunun Türk dilləri şöbəsinin baş elmi işçisi fil.e.d., dosent Qətibə Quliyeva “Ana dili və əlyazmalar: tarixi yaddaşdan milli kimliyə” mövzularında çıxış ediblər.

Türk dilləri şöbəsinin baş elmi işçisi fil.e.d., dosent Şəbnəm Qəriblinin və Türk dünyası əlyazmalarının tədqiqi şöbəsinin böyük elmi işçisi Tahirə Əliyeva da mövzuya dair fikirlərini bölüşüblər.

Tədbir çərçivəsində Beynəlxalq Ana Dili Gününə həsr olunmuş sərgi də təşkil edilib. Əlyazmaların elmi ekspozisiyası və təqdimi şöbəsinin hazırladığı sərgidə Məhəmməd Füzulinin “Divan”ı, “Bəngü Badə” əsəri, eləcə də Əlişir Nəvainin, Şah İsmayıl Xətainin “Divan”ının əlyazma nüsxələri, Mirzə Fətəli Axundzadənin nəstəliq xətti ilə köçürülmüş “Yeni əlifba layihəsi” və s. əlyazmaları yer alıb.