AMEA Folklor İnstitutunun Rəqəmsal folklor və süni intellekt şöbəsinin 2026-cı il üzrə fəaliyyətinə həsr olunmuş onlayn iclas keçirilib. 

Folklor İnstitutunun direktoru, Rəqəmsal folklor və süni intellekt şöbəsinin müdiri vəzifəsini icra edən filologiya elmləri doktoru Hikmət Quliyev rəqəmsal transformasiya proseslərinin, süni intellektin tətbiqinin elmi müəssisələr qarşısında yeni vəzifələr yaratdığını diqqətə çatdırıb. O, folklorşünaslıq sahəsində bu yanaşmaların tətbiqinin zəruriliyini xüsusi qeyd edib.

İclasın gündəliyinə Prezident İlham Əliyevin sədrliyi ilə keçirilmiş “Azərbaycanın yeni rəqəmsal arxitekturası” adlı vahid fəaliyyət planına həsr olunmuş müşavirədə (11 fevral 2026-cı il) səsləndirilən məsələlər daxil edilib. Bildirilib ki, ölkə miqyasında rəqəmsal idarəetmə modelinin formalaşdırılması, informasiya resurslarının inteqrasiyası və süni intellekt texnologiyalarının tətbiqi elmi müəssisələrin fəaliyyətində prioritet istiqamətlər kimi nəzərə alınmalıdır.

Sonra şöbənin 2026-cı il üzrə fəaliyyət planı müzakirə olunub. Qeyd edilib ki, prioritet istiqamətlər arasında sosial-antropoloji folklorşünaslıq yanaşmaları əsasında rəqəmsal transformasiyaların yaratdığı yeni virtual sosial-mədəni dinamikanın öyrənilməsi və İnternet folklorunun müxtəlif aspektlərinin araşdırılması yer alır. "Milli Rəqəmsal Folklor Verilənlər Bazası"nın arxitekturasının formalaşdırılması, tədqiqat proseslərində süni intellektin tətbiqi və elmi-nəzəri məsələlərin təhlili də fəaliyyət planının əsas istiqamətləri kimi müəyyən edilib.

İclasda vurğulanıb ki, şöbənin fəaliyyəti yalnız rəqəmsallaşma və süni intellektin tətbiqi ilə məhdudlaşmır, eyni zamanda, institut miqyasında elektron elmi informasiya bazalarına inteqrasiyanın gücləndirilməsini, bu sahədə seminar və təlimlərin təşkili işlərini də əhatə edir. Şöbənin fəaliyyətində elmi tədqiqatçılarla bərabər, mühəndis-proqramçılar, elektron informasiya sistemlərinin idarə olunmasında və digər texniki sahələrdə çalışan mütəxəssislərin iştirakı da əhəmiyyət kəsb edir.

AMEA Rəyasət Heyəti aparatının Elm və təhsil şöbəsinin müdiri filologiya elmləri doktoru Sərxan Xavəri, elmi işlər üzrə direktor müavini Afaq Ramazanova, elmi katib Elçin Abbasov və digər əməkdaşlar şöbənin qarşısında duran vəzifələrin institutun müasir çağırış və tələblər səviyyəsində fəaliyyətinin təşkili baxımından əhəmiyyətini vurğulayıblar.