Tarixdəki olaylar
23 fevral 1918 – Ümumrusiya Müəssislər Məclisinə Cənubi Qafqazdan seçilmiş deputatlar Tiflisdə bir araya gələrək Zaqafqaziya Seymini yaratmaq barədə qərar qəbul ediblər. Seymə gürcülərin sosial-demokrat (menşevik), ermənilərin “Daşnaksütyun” partiyaları, Azərbaycandan isə “Müsavat” partiyası, eləcə də “İttihad”, “Hümmət”, müsəlman-sosialist qruplarının deputatları daxil olub. Azərbaycan fraksiyasına (44 nəfər) Məhəmməd Əmin Rəsulzadə başçılıq edirdi. Seym 22 apreldə işə başladı və bir ay ömrü oldu.
23 fevral 1944 – Stalinin əmri ilə çeçen və inquşların Orta Asiyaya deportasiyası başlanıb. Rusiya Federasiyası tərkibində Çeçen-İnquş Muxtar Respublikası ləğv edilib. Sovet rəhbərliyi deportasiyanı çeçen və inquşların guya faşist Almaniyasına rəğbəti ilə əsaslandırmışdı. Ümumilikdə 500 minə yaxın insan köçürülmüşdü. 1956-cı ildə çeçen və inquşlar reabilitasiya edildi, bir il sonra RF tərkibində Çeçen-İnquş Muxtar Respublikası bərpa olundu. 1992-ci ildə MR iki yerə (Çeçenistan və İnquşetiya) bölündü.
23 fevral 2006 – Moskvanın Basmannı bazarında nəhəng günbəzli tavanın çökməsi nəticəsində 68 nəfər ölüb. Onların əksəriyyəti bazarda ticarət edən azərbaycanlılar, eləcə də gürcü, tacik və başqa millətlərin nümayəndələri olub.
Tarixdəki adlar (mədəniyyət, ədəbiyyat)
23 fevral 1685 – Alman bəstəkarı Georq Hendel (Georg Friedrich Händel; 1685 – 14.4.1759) anadan olub.
23 fevral 1878 – Polyak əsilli rusiyalı rəssam Kazimir Severinoviç Maleviç (1878 – 15.5.1935) Kiyevdə doğulub. Təsviri sənətdə abstraksionizmin tanınmış nümayəndələrindən biridir.
23 fevral 1878 – Tatar yazıçı-publisisti Qayaz İshaki (1878 – 22.7.1954) anadan olub. Rusiya müsəlmanlarının liderlərindən olub, sovetləşmədən sonra Almaniya və Türkiyədə yaşayıb, Ankarada vəfat edib.
23 fevral 1909 – Əməkdar elm xadimi, ədəbiyyatşünas alim, akademik Həmid Məmmədtağı oğlu Araslı (1909 – 20.11.1983) Gəncədə anadan olub.
23 fevral 1911 – Xalq artisti, rejissor, Azərbaycan musiqili teatrının yaradıcılarından Şəmsi Bədəl bəy oğlu Bədəlbəyli (1911 – 23.5.1987) Şuşada doğulub. Filarmoniyanın, Musiqili Komediya Teatrının direktoru işləyib. Azərbaycan Teatr Cəmiyyətinin (indiki Teatr Xadimləri İttifaqı) sədri olub. “O qızı tapın”, “Axırıncı aşırım” və s. filmlərdə çəkilib.
23 fevral 1926 – Əməkdar memar Fərman Həsənqulu oğlu İmamquliyev (1926 – 12.11.1996) Gəncədə doğulub. Gəncə şəhərinin baş memarı olub, Nizami məqbərəsinin layihə müəllifidir.
23 fevral 1928 – Akademik, coğrafiyaşünas, tarix və toponimika sahəsində əsərlərin müəllifi Budaq Əbdüləli oğlu Budaqov (1928 – 1.11.2012) Ermənistan SSR Zəngibasar rayonu Çobankərə kəndində doğulub.
23 fevral 1938 – Tarix elmləri doktoru, etnoqraf Qəmərşah Cavadov (1938 – 27.4.2005) Quba rayonunun Aydınkənd kəndində anadan olub.
23 fevral 1943 – Şair, tərcüməçi, publisist Səyavuş Əli oğlu Sərxanlı (1943 – 1.7.2005) anadan olub.
23 fevral 1943 – Rejissor, aktyor Ədalət Ziyadxanov (1946 – 12.9.2018) Bakıda anadan olub. Şəki, Ağdam teatrlarında, Bakı Bələdiyyə Teatrında tamaşalar qoyub. Mədəniyyət və İncəsənət Universitetində dərs deyib.
23 fevral 1944 – Əməkdar mədəniyyət işçisi Nurəddin Məmməd oğlu Tağıyev (1944 – 1.10.2011) Tbilisidə doğulub. Televiziyada sənədli filmlərin rejissoru olub, Azərbaycan Dövlət Rəsm Qalereyasının direktor müavini işləyib.
23 fevral 1952 – Əməkdar artist Əlican Süleyman oğlu Əzizov (1952 – 10.2.2021) anadan olub. Gəncə Dövlət Dram Teatrında, Nizami Poeziya teatrında aktyor kimi çalışıb, filmlərdə çəkilib.
23 fevral 2003 – Xalq artisti, görkəmli teatr və kino aktyoru Həsənağa Səttar oğlu Turabov (24.3.1938 – 2003) vəfat edib. Akademik Milli Dram Teatrında çalışıb, teatra rəhbərlik (1987–2001) edib.
23 fevral 2022 – Xalq artisti, mahir qaboy ifaçısı Kamil Cəlil oğlu Cəlilov (29.1.1938 – 2022) vəfat edib. Ə.Bakıxanov adına xalq çalğı alətləri, “Dan ulduzu” instrumental ansambllarının solisti olub.
23 fevral 2025 – Kino xadimi, film direktoru Aydın Bağır oğlu İmrani (25.5.1948 – 2025) vəfat edib.
Hazırladı: Vüqar Orxan

























