Tarixdəki olaylar

 

21 fevral Beynəlxalq Ana Dili Günüdür (International Mother Language Day). 1999-cu ildə UNESCO tərəfindən milli dillərin və mədəni müxtəlifliyin qorunması məqsədilə təsis edilib.

 

21 fevral 1613 –  Rus boyarları Mixail Romanovu çar elan ediblər. Rüriklər sülaləsinin süqutundan (1605) sonra Rusiya çarlığında başlanan hərc-mərclik və dağılma prosesinin qarşısı alınıb. Romanovların hakimiyyəti üç əsr – 1917-ci ilədək davam etdi.

 

21 fevral 1992 – Azərbaycan Fransa və Polşa ilə diplomatik əlaqələr quru. Polşa Azərbaycanın müstəqilliyini 1991-ci il dekabrın 27-də, Fransa 1992-ci il yanvarın 3-də tanımışdı. Fransa Türkiyədən sonra Azərbaycanda səfirlik açan ikinci ölkə oldu.

 

21 fevral 1994 –  Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin sərəncamı ilə Xarici İşlər Nazirliyi yanında UNESCO üzrə Azərbaycan Respublikasının Milli Komissiyası yaradılıb. Komissiyaya xarici işlər naziri sədrlik edir.

 

Tarixdəki adlar (mədəniyyət, ədəbiyyat)

 

21 fevral 1906 – Əməkdar incəsənət xadimi, kinorejissor Həbib Ələkbər oğlu İsmayılov (1906 – 31.12.1966) Naxçıvanda doğulub. Azərbaycan kinosunda xüsusi yeri olan “Ögey ana” (1958), “Böyük dayaq” (1962) filmlərinə quruluş verib.

 

21 fevral 1921 – Xalq rəssamı, Dövlət mükafatı laureatı Böyükağa Məşədi oğlu Mirzəzadə (1921 – 3.11.2007) Bakının Fatmayı kəndində doğulub. Yaradıcılığa tematik tablolarla başlayan rəssam portret janrında da uğurlu nümunələr yaradıb, teatr tamaşalarına bədii tərtibat verib.

 

21 fevral 1921 – Xalq rəssamı, Dövlət mükafatı laureatı Oqtay Sadıqzadə (1921 – 20.12.2014) Xızıda, tanınmış yazıçı Seyid Hüseyn və şairə Ümgülsümün ailəsində anadan olub. “Nizami Gəncəvi və dünya mədəniyyəti” silsiləsi, “1937-ci il repressiyasının qurbanları”, “Hüseyn Cavidin aləmi” triptixi və s. əsərlərin müəllifidir.

 

21 fevral 1925 – Amerika rejissoru və ssenaristi Sem Pekinpa (David Samuel Peckinpah; 1925 – 28.12.1984) anadan olub. Kinoda vestern janrının tanınmış simalarındandır.

 

21 fevral 1997 – Görkəmli tarixçi və şərqşünas, akademik, Sovet İttifaqı Qəhrəmanı Ziya Bünyadov (21.12.1923 – 1997) Bakıda yaşadığı evin qarşısında sui-qəsd nəticəsində qətlə yetirilib.

 

21 fevral 2024 – Xalq yazıçısı, nasir, dramaturq, ssenarist Mövlud Süleymanlı (Mövlud Süleyman oğlu Balakişiyev; 18.3.1943 – 2024) vəfat edib.

 

 Hazırladı: Vüqar Orxan