Salyan rayon Mədəniyyət Mərkəzi və Kürqaraqaşlı Diyarşünaslıq evinin birgə təşkilatçılığı ilə görkəmli şair, dramaturq, tərcüməçi Əliağa Kürçaylının (1928–1980) xatirəsinə həsr olunan "Xatirələrdə, ürəklərdə yaşayan şair" adlı ədəbi-bədii gecə keçirilib.
Bu barədə Şirvan-Salyan Regional Mədəniyyət İdarəsindən məlumat verilib.
Mədəniyyət mərkəzində keçirilən tədbirdə Əliağa Kürçaylının ömür yolundan söhbət açılıb. Qeyd edilib ki, 1946-cı ildə “Sənin gözlərin” adlı ilk şeiri ilə ədəbiyyata gələn Əliağa Kürçaylının şeirləri sonradan dövri mətbuatda nəşr olunub. Onun “Dünya ovcumdadır”, “Yollarda axtar məni”, “Bütövlük” və başqa kitabları oxucular tərəfindən maraqla qarşılanıb. Çıxışlarda Əliağa Kürçaylının dilimizi, poeziyamızı qoruyan böyük sənətkar olması da diqqətə çatdırılıb.
Ədəbi-bədii gecədə mədəniyyət nümayəndələri və bədii qiraətçilərin ifasında şairin şeirləri səsləndirilib, kompozisiyalar təqdim edilib, həmçinin şeirlərinə bəstələnən mahnılar ifa olunub.























