AMEA-nın Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunda 21 fevral – Beynəlxalq Ana Dili Günü münasibətilə “Uşaq ədəbiyyatında ana dili məsələsi” mövzusunda tədbir keçirilib.
AMEA-nın prezidenti, Ədəbiyyat İnstitutunun direktoru akademik İsa Həbibbəyli giriş sözündə ana dili və uşaq ədəbiyyatının bir-birinə çox bağlı məsələlər olduğunu deyib. Bildirib ki, uşaq ədəbiyyatı müstəqil Azərbaycanın yeni nəslini ümummilli və azərbaycançılıq ideyaları əsasında tərbiyə edilməsi üçün olduqca vacibdir. Qədim köklərə malik olan uşaq ədəbiyyatının ölkəmizdə böyük ənənələri olduğunu deyən akademik İsa Həbibbəyli XX əsrin əvvəllərində uşaq ədəbiyyatının öz qızıl dövrünü yaşadığını bildirib.
Mirzə Ələkbər Sabirin, Abbas Səhhətin, Abdulla Şaiqin, Rəşid bəy Əfəndiyevin uşaq ədəbiyyatındakı böyük xidmətlərini örnək olaraq qeyd edən akademik sovet dövrü Azərbaycan uşaq ədəbiyyatının Hikmət Ziya, İlyas Tapdıq, Xanımana Əlibəyli, Zahid Xəlil, Ənvər Əlibəyli və digər tanınmış simaları olduğunu vurğulayıb. Bildirib ki, müstəqilliyimizin bərpasından sonra uşaq ədəbiyyatında bir qədər çətinlik yaşansa da, sonrakı dövrdə bir çox nəşrlər ərsəyə gətirildi. Ədəbiyyat İnstitutunun Uşaq ədəbiyyatı şöbəsi də ölkəmizdə bu sahəyə mühüm töhfə verir.
Qeyd olunub ki, uşaq ədəbiyyatı söz yaradıcılığının xəzinəsi olmaqla yanaşı, həm də uşaq yazıçılarının dilimizin daşıyıcılarının hələ körpə vaxtlarından onların yaddaşına həkk olunan məsələlərdir. Bu baxımdan uşaq ədəbiyyatının üzərinə böyük məsuliyyət düşür və dil yaradıcılığına, dilə münasibətə daha şəffaf, daha sadə yanaşma tələb edir: “Uşaq yazıçılarının vəzifələrindən biri də uşaqları yeni terminoloji təfəkkürə hazırlamaqdır. Bu gün rəqəmsal texnologiyalar, internet, süni intellektə aid məsələlər uşaq ədəbiyyatında da öz əksini tapmalıdır. Bu gün haqlı olaraq uşaq ədəbiyyatı yazıçıları bu məsələyə diqqət ayırırlar. Lakin bu iş elə aparılmalıdır ki, zəruri halları saxlamaq şərti ilə dilimizin yad terminlərdən qorunmasına diqqət yetirilsin: "Ana dilində kim daha çox öz fikirlərini yaxşı ifadə edə bilibsə, onun imkanlarını, qatlarını poetik şəkildə xalqla danışa bilibsə, xalqın böyük ədəbiyyatını yarada bilib. Ana dili faktoru ədəbiyyatda millilik faktorudur, dövlətçilik təfəkkürüdür, vətənpərvərlikdir”.
Milli Məclisin deputatı, Ədəbiyyat İnstitutunun Uşaq ədəbiyyatı şöbəsinin müdiri filologiya elmləri doktoru Elnarə Akimova hər il Beynəlxalq Ana Dili Gününün qeyd olunmasının AMEA-da ənənəyə çevrildiyini qeyd edib. Bildirib ki, bu gün uşaq yaradıcılığı ilə məşğul olan dəyərli yazarlarımız var və onlar bütün varlıqları, milli kimlik duyğuları ilə bu prosesdə fəal iştirak edirlər. Etnomədəni sistemi qorumaq üçün bir qayə olmalıdır və burada ana dili və uşaq ədəbiyyatı mühüm faktordur. Vurğulayıb ki, bizim dilə olan münasibətimizin düzgün qurulması, uşaqlarımızın doğru istiqamətə yönləndirilməsi aktual məsələdir.
Uşaq yazıçısı, filologiya elmləri doktoru Zahid Xəlil uşaq ədəbiyyatında ana dili məsələsi ilə bağlı fikirlərini bölüşüb, bu sahənin uşaqların dil və düşüncə tərzinin formalaşmasında müstəsna rol oynadığını diqqətə çatdırıb.
Filologiya üzrə fəlsəfə doktorları Aygün Bağırlı, İlhamə Ağazadə, Gülnar Qəmbərli, Sumqayıt şəhər 35 saylı məktəbin müəllimi Nigar Vəliyeva və başqa çıxış edənlər mövzu ilə bağlı fikirlərini bölüşüblər.
Suraxanı rayonu Vaqif Mirzəyev adına 281 nömrəli tam orta məktəbin şagirdləri ana dilinə həsr olunmuş, vətənpərvərlik ruhunda yazılmış şeirlər söyləyiblər.























