Qarabağ Universiteti Elm şöbəsinin müdiri filologiya elmləri doktoru, dosent Elçin İbrahimovun “Birinci Türkoloji Qurultayda ortaq əlifba, imla və ədəbi dil məsələləri” adlı monoqrafiyası çapdan çıxıb.

Universitetin Elmi şurasının qərarı ilə çapa tövsiyə olunan tədqiqat əsəri 1926-cı ildə Bakıda keçirilmiş Birinci Türkoloji Qurultayın 100 illiyinə həsr edilib. 

Monoqrafiyada qurultay çərçivəsində müzakirə olunan ortaq əlifba, imla və ədəbi dil problemləri tarixi mənbələr və elmi yanaşmalar əsasında sistemli şəkildə təhlil edilib. Nəşrdə həmçinin tədbirdə əlifba islahatları, latın qrafikasına keçid təşəbbüsləri və yazı birliyi ideyasının formalaşmasına xüsusi diqqət yetirilib.

MİMTA nəşriyyatında işıq üzü görən kitabın elmi redaktoru professor Vilayət Quliyev, rəyçiləri professorlar Ədalət Tahirzadə, Ahmet Buran, filologiya elmləri doktoru, dosent Əzizağa Nəcəfov və filologiya üzrə fəlsəfə doktoru Azər Turan, redaktoru filologiya üzrə fəlsəfə doktoru Elmira Babayevadır.

Qeyd edək ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev 22 oktyabr 2025-ci il tarixində Birinci Türkoloji Qurultayın 100 illik yubileyinin keçirilməsi haqqında sərəncam imzalayıb.