AMEA Folklor İnstitutu Elmi şurasının qərarı ilə Mərasim folkloru və milli kulinariya ənənəsi şöbəsinin müdiri filologiya elmləri doktoru, dosent Ağaverdi Xəlilin “Türk xalqlarının mərasim folkloru” adlı yeni monoqrafiyası nəşr olunub.

İnstitutdan verilən məlumata görə, monoqrafiyada müəllifin uzun illər apardığı sistemli elmi araşdırmaların mühüm bir hissəsi ümumiləşdirilib. Tədqiqat türk xalqlarının mərasim folklorunun genezisi, struktur-semantik xüsusiyyətləri və funksional mahiyyəti kontekstində aparılıb, arxaik ritual modellərdən başlayaraq müasir mərasim praktikalarınadək uzanan inkişaf xətti izlənilib. Əsərdə mərasim fenomeni yalnız təsviri material kimi deyil, mədəni yaddaşın və kollektiv identikliyin formalaşmasında iştirak edən kompleks simvolik sistem kimi təhlil edilir.

Kitabın birinci hissəsində mərasim yaradıcılığının nəzəri-metodoloji əsasları, qədim dövr ritual düşüncəsi, əski türklərdə bayram anlayışı və əcdad kultu kimi məsələlər araşdırılır. İkinci hissədə türk xalqlarının mövsüm mərasimləri, orta əsrlər oğuz mərasim kompleksi və müasir dövrdə mərasim folklorunun transformasiya prosesləri təhlil olunur. Üçüncü hissədə isə ritualın funksional strukturu və eposdakı rudimentləri, inisiasiya, sakrallaşdırma və qurban mexanizmləri, eposun oyun arxetipi, advermə mərasimi və qəhrəmanın ad alması, evlənməsi və toy mərasimi, ölümü və yas mərasimi kimi motivlərin epik mətndə transformasiyası struktur-tipoloji və funksional-semantik yanaşma əsasında araşdırılır.

Kitabın nəticə hissəsində müəllif türk xalqlarının mərasim folklorunun arxaik ritual təfəkküründən qaynaqlandığını və bu sahənin qədim sakral dünyagörüşünün davamı kimi formalaşdığını elmi faktlarla əsaslandırır. Eyni zamanda, əsərdə türk xalqlarının mərasim folklorunun ortaq ritual-mifoloji köklərə bağlı olduğu qənaəti irəli sürülür və bu irsin müqayisəli-tarixi kontekstdə öyrənilməsinin vacibliyi qeyd olunur. “Soy”, “boy”, “toy”, “şölen”, “yağma”, “yuğ” kimi arxaik anlayışların transformasiya olunaraq müasir ənənəvi mədəniyyətdə, xüsusilə toy və yas mərasimlərində yaşaması mərasim sisteminin davamlılığını göstərən mühüm fakt kimi təqdim edilir.

Monoqrafiya folklorşünaslar, kulturoloqlar və geniş oxucu kütləsi üçün dəyərli mənbədir.