Bakı Dövlət Universitetinin (BDU) Yeni media və kommunikasiya nəzəriyyəsi kafedrasının dosenti Zaur Babayevin “Print media istehsalı və texnologiyası” adlı dərs vəsaiti çapdan çıxıb.

BDU-dan bildirilib ki, yeni nəşr çap mediasının istehsal prosesində tətbiq olunan müasir texnologiyalar, istehsalat mərhələləri, texniki vasitələr və çap prosesinin aktual xüsusiyyətlərini əhatə edir. Dərs vəsaiti əsasən jurnalistika ixtisası üzrə təhsil alan tələbələr, eləcə də çap və nəşriyyat sahəsində çalışan mütəxəssislər üçün nəzərdə tutulub.

Vəsaitdə çap məhsullarının hazırlanma mərhələləri, texnoloji proseslərin təşkili, istehsal zamanı istifadə olunan avadanlıq və məhsul keyfiyyətinə təsir edən amillər geniş şəkildə izah edilir. Bununla yanaşı, çap mediası sahəsində texnoloji yeniliklər və müasir istehsal yanaşmaları da nəşrdə əksini tapıb.

Yeni dərs vəsaiti media təhsili sahəsində tələbələrin nəzəri biliklərinin artırılması və onların praktiki bacarıqlarının formalaşdırılması baxımından mühüm elmi-praktik mənbə kimi qiymətləndirilir.

***

Qısa sözardı. Ölkədə çap mediasının ildən-ilə azaldığı və mövcud tendensiya nəzərə alınarsa, tədricən sıradan çıxmağa doğru getdiyi vaxtda bu sahədə tədris proqramlarının davam etməsi, dərs vəsaitlərinin işıq üzü görməsi maraqlı və təqdirəlayiq faktdır.

Maraqlı olan digər məqam isə ondan ibarətdir ki, dilimizdə “çap” sözü var, “Media haqqında” qanunda, dövlət başçısının müvafiq fərmanında və s. rəsmi sənədlərdə “çap mediası” anlayışı yer alıb, amma “print mediası” ifadəsi, təəssüf ki, gen-bol işlənir... Gerçəkdən, buna lüzum varmı?