Rəşid Behbudov adına Azərbaycan Dövlət Mahnı Teatrı növbəti musiqi töhfəsini sənətsevərlərə təqdim edib.

Teatrın yeni layihəsi çərçivəsində musiqisi Vaqif Gərayzadəyə, sözləri Sərvər Şahbəyliyə məxsus olan “Səni axtara-axtara” mahnısı təqdim olunub.

Son dövrlər gənc istedadlara xüsusi diqqət ayıran Dövlət Mahnı Teatrı fərqli formatlı konsert proqramları ilə seçilir. Teatr gənclərə öz qapılarını açaraq, səhnəsini yalnız solistlərinə deyil, həm də perspektivli ifaçılara həvalə edir.

“Səni axtara-axtara” mahnısını teatrın solisti Aynur İsgəndərli və gənc ifaçı Rasim Səfər ifa ediblər. Dueti Mahnı Teatrının instrumental ansamblı müşayiət edib.

İfanın video paylaşımı sosial şəbəkə platforması TikTok-da qısa müddətdə geniş maraq doğuraraq çoxsaylı baxış toplayıb.