Şuşa teatrının səhnəsində oynadığı çoxsaylı rollarla tamaşaçı rəğbəti qazanan Xalq artisti Şükufə Musayevanın bu il 60 illik yubileyidir.

Azərbaycan mədəniyyətinin inkişafında uzunmüddətli səmərəli fəaliyyətinə görə yubilyar sənətkara Abşeron-Xızı Regional Mədəniyyət İdarəsi tərəfindən fəxri fərman və hədiyyələr təqdim olunub.

Bu barədə regional idarə məlumat yayıb.

Məlumatda vurğulanır ki, uzun illər Azərbaycan teatr sənətinin inkişafında göstərdiyi xidmətlərə, səhnədə yaratdığı dəyərli obrazlara və mədəniyyətimizin təbliğinə verdiyi töhfələrə görə sənətkar ictimaiyyət tərəfindən dərin hörmətlə qarşılanır.

Qeyd edək ki, Şükufə Musayeva 1990-cı ildən Şuşa Dövlət Musiqili Dram Teatrının aktrisasıdır. 1991–1993-cü illərdə Birinci Qarabağ müharibəsində iştirak edib, döyüşlərdə qəlpə yarası alıb.

Aktrisanın yaradıcılıq fəaliyyəti dövlət tərəfindən yüksək qiymətləndirilib. O, 2000-ci ildə respublikanın Əməkdar artisti, 2018-ci ildə Xalq artisti fəxri adına, müxtəlif illərdə Prezident mükafatına layiq görülüb. Həmçinin 2013-cü ildə "Tərəqqi" medalı ilə təltif edilib.