Tarixdəki olaylar
15 fevral 1989 – Əfqanıstandakı 50 min nəfərlik SSRİ hərbi kontingentinin çıxarılması başa çatıb. Sovet qoşunları Əfqanıstana bu ölkənin kommunist rəhbərliyinin “müraciət”i ilə 1979-cu ildə yeridilmişdi. Bu müddətdə beynəlmiləl borcunu yerinə yetirən 15 mindən çox hərbi qulluqçu həlak olmuş, 53 min nəfər yaralanmışdı. 1988-ci ilin 14 aprelində imzalanan “Əfqanıstan Demokratik Respublikasında vəziyyətin siyasi nizamlanmasına dair” Cenevrə razılaşmalarına uyğun olaraq, həmin ilin 15 mayında sovet qoşunlarının ölkədən çıxarılması başlanmışdı.
Tarixdəki adlar (mədəniyyət, ədəbiyyat)
15 fevral 1564 – İtalyan fiziki, astronom, riyaziyyatçı və filosof Qalileo Qaliley (Galileo Galilei; 1564 – 8.1.1642) anadan olub.
15 fevral 1906 – Tatar şairi, Sovet İttifaqı Qəhrəmanı Musa Cəlil (1906 - 25.8.1944) anadan olub. Böyük Vətən müharibəsində əsir götürülüb, Berlində Moabit həbsxanasında öldürülüb. Əsirlikdə yazdığı “Moabit gündəliyi” şeirlər toplusu ölümündən sonra nəşr olunub.
15 fevral 1909 – Əməkdar incəsənət xadimi, aktrisa Xədicə Bahəddin qızı Qazıyeva (1909 – 8.7.1991) Kazan şəhərində doğulub. 1926-cı ildə Azərbaycana gəlib, Naxçıvan Dövlət Musiqili Dram Teatrında çalışıb.
15 fevral 1914 – Xalq artisti, aktyor Muxtar Həsən oğlu Avşarov (1914 – 6.12.2004) anadan olub. Gəncə Dram, Akademik Milli Dram, Bakı Bələdiyyə teatrlarında çalışıb. “Dəli Kür”, “Qaçaq Nəbi”, “Kişi sözü” və s. filmlərdə çəkilib.
15 fevral 1914 – Qazaxıstan milli kinosunun ilk rejissorlarından biri, SSRİ Xalq artisti Şaken Aymanov (1914-1970) anadan olub.
15 fevral 1922 – Əməkdar mədəniyyət işçisi Mirəziz Ziyad oğlu Rəfiyev (1922–2007) anadan olub. Yardımlı Tarix-Diyarşünaslıq Muzeyinin direktoru işləyib.
15 fevral 1923 – Sənətşünaslıq namizədi, professor Xanlar Həmid oğlu Məlikov (1923–1999) anadan olub.
15 fevral 1933 – Əməkdar artist Bürcəli Veysəl oğlu Əsgərov (1933 – 1.11.2005) Borçalı bölgəsinin Qasımlı kəndində doğulub. Milli Dram Teatrında çalışıb. Filmlərdə (“Onu bağışlamaq olarmı?”, “Qırmızı qar”), televiziya tamaşalarında çəkilib.
15 fevral 1934 – Əməkdar incəsənət xadimi, bəstəkar Adil Musa oğlu Bəbirov (1934 – 26.9.2021) Bakıda anadan olub. Filmlərə, tamaşalara musiqi yazıb, bir sıra mahnıların müəllifidir. Ömrünün son illərini Kanadada yaşayıb, pedaqoji fəaliyyət və yaradıcılıqla məşğul olub, orada vəfat edib.
15 fevral 1973 – Əməkdar artist Tünzalə Məcid qızı Əliyeva (1973 – 22.1.2023) Gəncədə anadan olub. Gəncə, İrəvan teatrlarında çalışıb, filmlərdə, teleseriallarda çəkilib.
15 fevral 2005 – Xalq artisti, teatr və kino aktrisası Xuraman Abdulla qızı Hacıyeva (7.3.1945 – 2005) vəfat edib.
Hazırladı: Vüqar Orxan
























