Türkiyənin “Teatr” (“Tiyatro”) qəzetinin təsis etdiyi və Beynəlxalq Türk Mədəniyyəti Təşkilatı – TÜRKSOY ilə əməkdaşlıq çərçivəsində reallasan "Beynəlxalq Anadolu Teatr Mükafatları"nın 11-ci təqdimat mərasimi olub.

Təntənəli mərasim fevralın 9-da İstanbuldakı Mask-Kara Teatrında keçirilib.

Mükafat hər il müxtəlif nominasiyalar üzrə teatr sənətinə töhfələrinə görə şəxslərə və qurumlara təqdim edilir. Ənənəvi olaraq mərasimdə TÜRKSOY adından da teatr mükafatları verilir.  

“11-ci Beynəlxalq Anadolu Teatr Mükafatları” mərasimində Türkiyənin 20 bölgəsindən və 12 xarici ölkədən laureatlar elan olunub.

O cümlədən TÜRKSOY-un 2026-cı il teatr mükafatları təqdim edilib.

Bu il Azərbaycandan yazıçı-dramaturq, Əməkdar incəsənət xadimi, professor Əli Əmirli TÜRKSOY-un “Ən yaxşı dramaturq” mükafatına layiq görülüb.

TÜRKSOY-un 2026-cı il teatr mükafatçıları arasında həmçinin Qazaxıstandan Erenbak Toykenov (“Ən yaxşı rejissor”), Özbəkistandan Lola Eltoyeva (“Ən yaxşı aktrisa”), Qırğızıstandan Sadır Niyazakunov (“Ən yaxşı səhnə tərtibatçısı”) və Türkmənistandan Batır Çarıyev (“Ən yaxşı aktyor”) var.

Bundan əlavə, Türkiyənin teatr rejissoru və yazarı, “Beynəlxalq Anadolu Teatr Mükafatları”nın jüri başqanı Nurhan Uslu Türk dünyasında teatr sənətinin inkişafına verdiyi töhfələrə görə TÜRKSOY-un xüsusi mükafatına layiq görülüb.

Mükafatları TÜRKSOY baş katibinin müavini Sayit Yusuf təqdim edib.

Qeyd edək ki, TÜRKSOY-un teatr mükafatları təşkilata üzv ölkələrin sənətkarlarına səhnə sənətinə dəyərli töhfələrinə və uğurlu yaradıcılıqlarına görə verilir. Hər il “Beynəlxalq Anadolu Teatr Mükafatları” mərasimi çərçivəsində təşkil olunan təqdimat Türk dünyası teatrları arasında əməkdaşlığı və səhnə sənəti vasitəsilə ortaq mədəni irsin nümayişini təşviq etməyi hədəfləyir.