Xəbər verdiyimiz kimi, Şəki Dövlət Dram Teatrında Əməkdar incəsənət xadimi, yazıçı-dramaturq Əli Əmirlinin "Varlı qadın" əsəri səhnəyə qoyulub. 2025-ci il noyabrın 26-da ictimai baxışı anşlaqla keçən tamaşa teatrşünaslar tərəfindən yüksək qiymətləndirilib və yeni sənətsevərlərin böyük marağına səbəb olub. 

Fevralın 14-də Şəki səhnəsində "Varlı qadın" tamaşanın növbəti nümayişi olub. Bu barədə teatrın ədəbi dram hissə rəhbəri Lalə Məmmədova məlumat verib.

Tamaşanın quruluşçu rejissoru Elvin Nuri, quruluşçu rəssamı Nicat Məmmədov, geyim üzrə rəssamı Dilşad Şirinova, musiqi tərtibatçısı Zeynəb Xəlilovadır.

Rolları Əməkdar artist Rəhim Qocayev, aktyorlar Lalə Məmməd, Xəyal Salahov, Rəşid Mirizadə, Pərviz İsmayılov, Rəsul Məmmədrəhimov, Nazilə İmamhüseynova, Arzu Mustafayeva, Sənubər İsrafilova, Elvin Mabudov, Arzuman Abdullazadə, Nuranə Mirzəliyeva, Nərmin Nəbiyeva, Gülxar İmamhüseynova, Cavidan Eminov və Yaqub Lətifzadə oynayırlar.

Səhnə əsərində maddiyyatın mənəviyyatı üstələməsi, insanın öz nəfsinə sahib çıxa bilməyib ailə dəyərlərini tapdalamasından bəhs edilir.