Fevralın 13-də AMEA Memarlıq və İncəsənət İnstitutunun təşkilatçılığı ilə “Dahi memar Əcəmi Naxçıvani yaradıcılığı” mövzusunda elmi sessiya keçirilib.
AMEA-dan bildirilib ki, tədbiri akademiyanın prezidenti akademik İsa Həbibbəyli açaraq Prezident İlham Əliyevin “Əcəmi Naxçıvaninin 900 illiyinin qeyd edilməsi haqqında” Sərəncamına əsasən keçirilən sessiyanın elmi əhəmiyyətini qeyd edib. Əcəmi Naxçıvaninin 900 illiyinin “Şəhərsalma və Memarlıq İli”nə təsadüf etməsinin tarixi irslə müasir inkişaf strategiyalarının vəhdətini ifadə etdiyi, bunun Azərbaycan memarlıq ənənələrinin davamlılığını və aktual dəyərini bir daha nümayiş etdirdiyi vurğulanıb.
Akademik İsa Həbibbəyli qeyd edib ki, Əcəmi Naxçıvaninin fəaliyyəti Azərbaycanın dövlətçilik tarixində xüsusi yer tutan qüdrətli Atabəylər dövlətinin paytaxtı, Yaxın Şərqin mədəniyyət mərkəzlərindən biri Naxçıvan şəhəri ilə bağlı olub. Naxçıvan şəhərində Əcəmi dühasının məhsulu olan Möminə xatun məqbərəsi və Yusif ibn Küseyir türbəsi İslam aləminin şah əsərləri sırasında layiqli yer tutur. Əcəmi memarlıq məktəbinin yadigarlarından sayılan Gülüstan türbəsi də Naxçıvanın qədim memarlıq məktəbinin qiymətli abidələrindən biridir.
İsa Həbibbəyli AMEA-da Əcəmi Naxçıvani irsinin öyrənilməsi istiqamətində görülən işlərdən də bəhs edib. Bildirib ki, akademik Əbdülvahab Salamzadə XX əsrin ortalarından etibarən Əcəminin sənət dünyasını elmi əsaslarla açmağa müvəffəq olub. Naxçıvan memarlıq məktəbinin ilkin tədqiqatı onun adı ilə bağlıdır.
Sonra Memarlıq və İncəsənət İnstitutunun direktoru AMEA-nın müxbir üzvü Ərtegin Salamzadə “Əcəmi Naxçıvani yaradıcılığının dünya memarlığına təsiri” mövzusunda məruzəsini təqdim edib. Məruzədə Naxçıvanda və respublikamızın digər şəhərlərində ucaldılan, memarlıq baxımından əhəmiyyətli komplekslər, tarixi abidələr haqqında məlumat verilib, Əcəmi yaradıcılığının təhlili təfərrüatı ilə diqqətə çatdırılıb.
Elmi sessiyada Memarlıq və İncəsənət İnstitutunun şöbə müdiri memarlıq doktoru, dosent Rahibə Əliyevanın “Səkkiz əsrin şahidi: Əcəmi sənətinin möhtəşəmliyi”, Naxçıvan Dövlət Universitetinin dosenti Gülnarə Qəmbərovanın “Yaxın Şərq memarlığında Memar Əcəmi irsi” və AMEA-nın Naxçıvan bölməsinin İncəsənət, Dil və Ədəbiyyat İnstitutunun Memarlıq, şəhərsalma və abidələrin bərpası şöbəsinin elmi işçisi Brilyant Cəfərlinin “Memarlıq dühası Əcəmi Naxçıvani yaradıcılığında bəzi həndəsi ornamentlərin simvolik mənaları” mövzusunda məruzələri də dinlənilib.





















