Tarixdəki olaylar

 

13 fevral 1945 – II Dünya müharibəsində ən böyük bombardmanlardan biri baş verib. ABŞ-Britaniya hərbi aviasiyasının Drezden şəhərini bombalaması nəticəsində 100 mindən çox adam ölüb, 30 mindən çox bina, o cümlədən yüzlərlə tarixi abidə dağıdılıb. Müharibənin taleyinin həll olunduğu vaxtda hərbi nöqteyi-nəzərdən əhəmiyyət daşımayan şəhərdə belə bir əməliyyata ehtiyac yox idi. İngilislər bununla 1940-cı ildə almanların Londonu bombalamasının əvəzini çıxırdı.

 

13 fevral 1992 – Dağlıq Qarabağ münaqişəsi ilə bağlı ATƏT-in (o vaxt ATƏM adlanırdı) ilk missiyasının regiona səfəri başlanıb. Təşkilata sədrlik edən Çexoslovakiyanın (1993-cü ildə Çexiya və Slovakiyaya bölündü) Prezident Administrasiyasının rəhbəri Karel fon Şvartsenberqin başçılıq etdiyi heyət Bakı, Yerevan və Xankəndidə olmuşdu. Həmin ilin 24 martında Ermənistanla Azərbaycan arasında münaqişədə vasitəçilik missiyası kimi ATƏT-in Minsk Qrupu yarandı.

 

13 fevral 1993 – Azərbaycanla İordaniya (ölkəmizin müstəqilliyini 1991-ci il dekabrın 28-də tanıyıb) arasında diplomatik münasibətlər qurulub.

 

Tarixdəki adlar (mədəniyyət, ədəbiyyat)

 

13 fevral 1873 – Rus opera müğənnisi Fyodor İvanoviç Şalyapin (1873 – 12.4.1938) anadan olub. 1921-ci ildə mühacirətə gedib, Parisdə vəfat edib.

 

13 fevral 1883 – Rus aktyoru və rejissoru, teatr xadimi Yevgeni Baqrationoviç Vaxtanqov (1883 – 29.5.1922) Vladiqafqazda doğulub.

 

13 fevral 1903 – Detektiv romanlar müəllifi, Belçika əsilli fransız yazıçısı Jorj Simenon (Georges Joseph Christian Simenon; 1903 – 4.2.1989) anadan olub.

 

13 fevral 1898 – Azərbaycanın Xalq artisti Viktor Petroviç Şarlaxov (1898 – 31.10.1989) anadan olub. Dövlət Rus Dram Teatrının aktyoru olub, Dövlət mükafatına layiq görülüb.

 

13 fevral 1927 – Xalq artisti Roza Heydər qızı Cəfərxanova (1927 – 18.5.2010) Naxçıvan MR Ordubad rayonunda doğulub. Naxçıvan Dövlət Musiqili Dram Teatrının aktrisası olub.

 

13 fevral 1946 – Xalq artisti Əliabbas Gülabbas oğlu Qədirov (1946 – 8.3.2006) Bakıda anadan olub. Akademik Milli Dram Teatrında çalışıb, teatra rəhbərlik (2002–2006) edib. Kinoda yaddaqalan obrazlar yaradıb, Dövlət mükafatına (“Sevinc buxtası” – Nazim, 1978) layiq görülüb.

 

13 fevral 1946 – Əməkdar incəsənət xadimi, kinorejissor Cəmil Əliqulu oğlu Fərəcov (1946 – 1.8.2023) anadan olub. “Azərbaycanfilm” kinostudiyasında çalışıb. Sənədli filmlər, “Mozalan” kinojurnalı üçün süjetlər çəkib.

 

13 fevral 1948 – Xalq artisti, xanəndə Sabir Məhərrəm oğlu Əliyev (1948 – 22.12.2020) Cəlilabad rayonunda anadan olub. 1968-ci ildən ömrünün sonuna kimi Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında solist-vokalçı kimi çalışıb.

 

13 fevral 1952 – Tanınmış aktyor Şahmar Qərib oğlu Qəribli (1952–2018) anadan olub. Sumqayıt Dövlət Dram Teatrında çalışıb, filmlərdə çəkilib, tamaşalara quruluş verib.

 

13 fevral 2009 – Xalq şairi, dramaturq, ədəbiyyatşünas, akademik, Dövlət mükafatları laureatı  Bəxtiyar Mahmud oğlu Vahabzadə (16.8.1925 – 2009) vəfat edib. 20-dək poemanın, 10 dram əsərinin (“Vicdan”, “Yollara iz düşür”, “Özümüzü kəsən qılınc” və s.) müəllifidir. 

 

13 fevral 2022 – Əməkdar incəsənət xadimi, yazıçı-jurnalist Əfqan (Hacıağa oğlu Əsgərov; 23.9.1929 – 2022) vəfat edib.

 

 Hazırladı: Vüqar Orxan