F. Köçərli adına Respublika Uşaq Kitabxanası fevralın 10-da paytaxtın 54 və 318 saylı tam orta məktəblərinin 1-ci sinif şagirdləri üçün maraqlı və əyləncəli maarifləndirici ekskursiya təşkil edib. Balaca qonaqlar ilk dəfə gəldikləri kitabxana ilə yaxından tanış olublar.

Ekskursiya zamanı uşaqlara görkəmli maarifçi Firidun bəy Köçərlinin həyatı və yaradıcılığı sadə və anlaşılan dildə izah edilib. Onlara Azərbaycan uşaq folklorunun ilk antologiyası olan “Balalara hədiyyə” kitabı haqqında məlumat verilib, bu kitabın uşaqlar üçün nağıllar, tapmacalar və maraqlı hekayələrlə zəngin olduğu diqqətə çatdırılıb. Bildirilib ki, F.Köçərlinin tərtib etdiyi kitab uşaq folklorunun toplanması və nəşri yolunda atılmış ən mühüm addımlardan biridir.

Kitabxana əməkdaşı şagirdlərə kitabxananın onlayn xidmətləri barədə məlumat verib, multimedia bölməsində yer alan virtual nağıllar, audio kitablar, uşaq mahnıları və cizgi filmlərini nümayiş etdirib. Uşaqlara kitabxananın saytından evdə də necə istifadə edə biləcəkləri göstərilib.

Balacalar üçün tapmacalar və sevilən nağıllar əsasında maraqlı sual-cavablar da təşkil olunub. Şagirdlər müxtəlif mövzulu nağıl kitablarına baxıb, sevdikləri nağıl qəhrəmanları haqqında fikirlərini bölüşüblər.

Uşaqlara rəngarəng, şəkilli və 3D formatlı kitablar təqdim edilib ki, bu da onlarda oxumağa daha böyük maraq yaradıb.

Birinci sinif şagirdlərini Respublika Uşaq Kitabxanası ilə tanış etmək, onlarda kitaba sevgi aşılamaq və mütaliə vərdişlərinin formalaşmasına töhfə vermək məqsədi daşıyan ekskursiya balaca oxucular üçün həm öyrədici, həm də yaddaqalan və xoş əhval-ruhiyyəli keçib.