Azərbaycan sənədli kinosunda mühüm xidmətləri olan Xalq artisti, rejissor Yalçın Əfəndiyevin yaradıcılıq yolu və sənət irsinə həsr edilmiş film çəkilib. “Xatirələr sahilində” adlı sənədli film fevralın 6-da Nizami Kino Mərkəzində nümayiş olunub.
"AzərNyuMedia" tərəfindən istehsal olunan filmin ssenari müəllifi, quruluşçu rejissoru və prodüseri Kamran Qasımov, təsvir rejissorları Rafiq Əliyev və Arif Zeynalov, bəstəkarı Yaşar Baxışdır.
Tədbirdə çıxış edən Kamran Qasımovun sözlərinə görə, orta və gənc nəsil kinematoqrafçılar arasında elə birisi yoxdur ki, Yalçın Əfəndiyevin adı onun həyatından keçməsin: "Yalçın Əfəndiyev son dərəcə xeyirxah, ziyalı və ən yüksək insani keyfiyyətlərə malik şəxsiyyət idi. Biz onun vəfatından sonra, 2020-ci ildə çəkilişlərə başladıq. Çəkiliş dövründə ölkəmizdə və dünyada müxtəlif hadisələr yaşandı və filmin ərsəyə gəlməsi beş il zaman aldı. Hətta ekran işində yer alan müsahiblərin bəziləri artıq həyatda yoxdur. Bu işdə bizə dəstək göstərən hər kəsə təşəkkür edirəm".
Əməkdar incəsənət xadimi, Dövlət Film Fondunun direktoru Cəmil Quliyev, Xalq yazıçısı Natiq Rəsulzadə Y.Əfəndiyev barədə xatirələrini bölüşüb, onun həm rejissor, həm pedaqoq, həm də insan kimi müsbət keyfiyyətlərindən danışıblar.
Xalq artistinin milli kinematoqrafiyamıza verdiyi töhfələrdən söhbət açılıb, filmi onun xatirəsinə həsr olunmuş kiçik abidə adlandırıblar.
Yalçın Əfəndiyevin ailə üzvləri adından oğlu İbrahim Əfəndiyev çıxış edərək atasının xatirəsinə göstərilən diqqətə və verilən yüksək dəyərə görə minnətdarlığını bildirib, filmin ərsəyə gəlməsində əməyi olanlara təşəkkür edib.
Sonra "Xatirələr sahilində" sənədli filmi nümayiş etdirilib.
Qeyd edək ki, ekran işi Mədəniyyət Nazirliyinin tabeliyindəki Kino Agentliyinin postprodakşn mərhələsində olan filmlərə dəstək üzrə 2025-ci il müsabiqəsinin qalibidir.























