Fevralın 4-də Dövlət Uşaq Filarmoniyasında Xalq artisti, Azərbaycanda hərbi orkestr xidməti və musiqi sənətinin görkəmli nümayəndəsi, general-mayor, professor Yusif Axundzadənin 80 illik yubileyi qeyd olunub.
Bu barədə Dövlət Uşaq Filarmoniyasından məlumat verilib.
Yubilyarı təbrik edən Dövlət Uşaq Filarmoniyasının direktor müavini Leyla Muradzadə onun Azərbaycanda hərbi orkestrlərin formalaşmasında və inkişafında müstəsna xidmətləri olduğunu vurğulayıb. Qeyd edib ki, Yusif Axundzadənin çoxillik səmərəli fəaliyyəti dövlətimiz tərəfindən yüksək qiymətləndirilib.
Leyla Muradzadə yubiley konsertinin ərsəyə gəlməsində göstərdiyi böyük zəhmətə görə okrestrin baş təlimatçı-musiqiçisi və Dövlət Uşaq Filarmoniyasının nəfəsli alətlər ansamblının bədii rəhbəri Sərvan Mehdizadəyə Dövlət Uşaq Filarmoniyasının rəhbərliyi adından təşəkkür bildirib və ona gələcək fəaliyyətində uğurlar arzulayıb.
Gülarə Əliyeva adına 3 nömrəli uşaq incəsənət məktəbinin direktoru Elvira Əhmədova, 17 nömrəli uşaq musiqi məktəbinin direktoru Samirə İsayeva, 4 nömrəli uşaq musiqi məktəbinin direktoru Dilbər Əhmədova da Xalq artisti Yusif Axundzadənin yaradıcılığından söhbət açıb, ona ən xoş arzularını çatdırıblar.
Konsertdə Müdafiə Nazirliyi Hərbi Hava Qüvvələrinin orkestri Azərbaycan və xarici bəstəkarların əsərlərindən ibarət proqramla çıxış edib. Orkestrin rəisi və dirijoru mayor Marif Səlimovdur.
Ü.Hacıbəylinin “Koroğlu” operasından uvertüra, F.Əmirovun “Gözün aydın” musiqili komediyasından rəqs, “Min bir gecə” baletindən Mərcanın rəqsi, Tofiq Quliyevin “Qaytağı”, J.Bizenin “Karmen” operasından uvertüra, C.Verdinin “Aida” operasından marş və J.Ştrausun məhşur “Radetski marş” əsərləri orekstrin ifasında böyük təntənə və yüksək peşəkarlıqla ifa olunub.
Proqramın sonuncu nömrəsi – M.Maqomayevin “Odlar Yurdu Azərbaycan” əsəri Leyla Muradzadənin dirijorluğu ilə Dövlət Uşaq Filarmoniyasının birləşmiş xorunun ifasında səslənib. Xorun bədii rəhbərləri Leyla Muradzadə və Aysel Mehdizadədir.
Sonda yubilyar səhnəyə dəvət edilib. Tədbirin təşkilatçılarına və iştirakçılarına minnətdarlığını bildirən Yusif Axundzadə musiqiçilərə öz tövsiyələrini verib.

























