Fevralın 3-də Azərbaycan Dillər Universitetində (ADU) Özbəkistan Dövlət Cahan Dillər Universitetinin Özbək dili və ədəbiyyatı mərkəzinin açılışı olub.

Bu barədə ADU-dan məlumat verilib. 

Mərasimdə universitetin rektoru akademik Kamal Abdulla qeyd edib ki, ADU dünyanın bir sıra nüfuzlu ali təhsil müəssisələri ilə sıx əməkdaşlıq edir, bu zəmində xarici ölkə universitetlərində Azərbaycan dili və mədəniyyəti mərkəzləri yaradılır. Bu mərkəzlərdə Azərbaycan dili tədris olunur, milli mədəniyyətimiz təbliğ olunur, müasir Azərbaycan həqiqətləri dünyaya çatdırılır. Ötən il Özbəkistan Dövlət Cahan Dillər Universitetində də Azərbaycan dili və mədəniyyəti mərkəzi fəaliyyətə başlayıb. İndi isə ADU-da Özbək dili və ədəbiyyatı mərkəzi açılır.

Özbəkistan Dövlət Cahan Dillər Universitetinin rektoru İlxomjon Tuxtasinov iki ölkə arasında əməkdaşlığın xalqlarımızın qardaşlıq əlaqələrinə əsaslandığını bildirib. Qeyd edib ki, ADU-da Özbək dili və mədəniyyəti mərkəzinin açılışı Azərbaycan və Özbəkistan arasında elmi, mədəni, siyasi və təhsil sahəsində tərəfdaşlıq münasibətlərinə öz töhfəsini verəcək. Mərkəzdə tələbələrin və müəllimlərin özbək dilini öyrənmək, mədəniyyəti ilə tanış olmaq imkanı qazanacaqlar.

Özbəkistan Respublikasının Azərbaycandakı səfiri Bahrom Aşrafxanov ölkələrimiz arasında dostluq münasibətlərinin daha da inkişaf edəcəyinə əminliyini bildirib. Qeyd edib ki, mərkəz tələbələrə, müəllimlərə faydalı olacaq, onların tədqiqat işlərinə töhfə verəcək.

Milli Məclisin deputatı Eldar İbrahimov da Azərbaycan ilə Özbəkistan arasında elmi, mədəni, təhsil əməkdaşlığının inkişafında mərkəzin əhəmiyyətli rol oynayacağını vurğulayıb.