Vyanadakı (Avstriya) Azərbaycan Mədəniyyət Mərkəzində (AMM) Xalq rəssamı Əşrəf Heybətovun “Azərbaycan – rənglərin yaddaşındakı ölkə“ adlı fərdi sərgisi açılıb.

Görkəmli rəssamın 75 illik yubileyinə həsr olunmuş sərgidə Azərbaycan təbiəti, onun tarixi məkanları, sadə insanları, adət-ənənələri ön planda dayanır.

AMM-nin rəhbəri Leyla Qasımova qonaqlara sərgi barədə məlumat verib. Qeyd edib ki, təqdim olunan əsərlərdə rəssam milli-mədəni ənənələri müasir bədii ifadə vasitələri ilə ustalıqla birləşdirir. Əşrəf Heybətovun yaradıcılığında rəng, yaddaş və milli kimlik əsas bədii məfhumlar kimi çıxış edir. Onun tabloları Azərbaycanı yalnız coğrafi məkan kimi deyil, mənəvi yaddaş, mənsubiyyət və davamlı bağlılıq məkanı kimi təqdim edir. Landşaftlar, insan obrazları və ovqatlar birbaşa təsvir deyil, daha çox emosional və fəlsəfi yozum şəklində təqdim olunur.

Əşrəf Heybətov çıxışında diqqətə çatdırıb ki, Azərbaycan mövzuları onun yaradıcılığının əsas qayəsini təşkil edir. Son illərdə isə o, bu mövzunu daha da genişləndirərək ümumtürk dünyasına həsr olunmuş tablolar yaradır.

Vyanada ikinci dəfə əsərlərini nümayiş etdirən rəssam yubileyi münasibətilə təşkil edilmiş sərgi üçün minnətdarlığını bildirib.

Qeyd edək ki, Azərbaycanın Xalq rəssamı Əşrəf Heybətov incəsənət sahəsindəki xidmətlərinə görə bir sıra milli və beynəlxalq mükafatlarla təltif edilib. O, UNESCO nəzdində Rəssamlar Federasiyasının üzvüdür, “Sülh səfiri” beynəlxalq diplomuna layiq görülüb. Sənətkar Azərbaycan Rəssamlar İttifaqının fəxri üzvü olmaqla yanaşı, Azərbaycan-Almaniya Dostluq Cəmiyyətinin, Alman Rəssamlar Birliyinin də üzvüdür.