Müslüm Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasının Kamera və Orqan Musiqisi Zalında “Fərqli bir axşam” konsertlər silsiləsi davam edir.

Filarmoniyadan bildirilib ki, növbəti konsertdə Üzeyir Hacıbəyli adına Azərbaycan Dövlət Simfonik Orkestrinin üzvləri maraqlı repertuar təqdim ediblər.

Kamera musiqisi axşamı Yohannes Bramsın piano kvarteti, op.25, IV hissə – “Rondo alla Zingarese” əsəri ilə açılıb.

Sonra Herman Biftinkin (Beeftink) “Fireflies” pyesi, Yohan Halvorsenin (G.Handel mövzusu əsasında) “Passakaliya”sı, V.A.Motsartın b-moll, K.292 Sonatası və M.Moşkovskinin süitası səsləndirilib. 

Axşamın lirik məqamlarından biri Frans Şubertin (Schubert) “Arpeggione” sonatasının I hissəsi olub.

Proqramda kino musiqisinə də yer verilib, Ennio Morrikonenin “La Califfa” filmindən fraqment təqdim edilib. Konsert Karl Cenkinsin (Jenkins) “Palladio” əsəri ilə yekunlaşıb.

“Fərqli bir axşam” silsiləsinin bu buraxılışı müxtəlif ansambl tərkibləri, janr zənginliyi və yüksək peşəkarlıq səviyyəsi ilə yadda qalıb.