Azərbaycan Kinematoqrafçılar İttifaqı (AKİ) ssenari tədrisi mövzusunda daha bir kitabı yerli kinematoqrafçılara təqdim edir.

AKİ-dən bildirilib ki, rus yazıçısı və kinodramaturqu Aleksandr Çervinskinin “Yaxşı ssenarini yaxşı qiymətə necə satmaq olar?” kitabı Azərbaycan dilində nəşr olunub.

Bu kitabı kinossenarinin yazılış qaydaları, hekayə qurmaq üsullarından bəhs edən Voqler, Linda Seger, Sid Fild və digər məşhur müəlliflərin təklif etdikləri prinsiplərin ümumiləşdirilmiş və konkretləşdirilmiş xülasəsi adlandırmaq olar. Digər tərəfdən, müəllif ssenari haqqında yazan amerikalı həmkarlarının ideyalarına əsaslandığını bildirir. Kitabın orijinallığı onun sovet ssenari məktəbində “realizm”, “psixoloji dram” və digər adlarla qəliblənmiş olan üzücü müşahidəçilik, məişətçilik, çoxmənalılıq, finalsız sonluq kimi hallara qarşı çıxmağıdır.

“Parlaq imzalar” nəşriyyatında işıq üzü görən kitabı rus dilindən kinotənqidçi Aygün Aslanlı tərcümə edib, redaktorları AKİ-nin idarə heyətinin üzvü, sənətşünas, pedaqoq Nadir Bədəlov və Toğrul Musayevdir. Layihənin rəhbəri AKİ-nin icraçı katibi Əli İsa Cabbarovdur.

AKİ yerli kinoda dramaturgiya problemlərini daim gündəmdə saxlayır, bu məqsədlə mütəmadi ssenari müsabiqələri və ustad dərsləri təşkil edilir. Gənc ssenaristlərə və tələbələrə dəstək məqsədilə, gələcəkdə də dərsliklərin çapı planlaşdırılır.

Kitab tələbə və kinematoqrafçılara pulsuz təqdim ediləcək.