Akademik Milli Dram Teatrında 2 fevral – Azərbaycan Gəncləri Günü qeyd olunub.
Bu barədə teatrdan məlumat verilib.
Teatrın direktoru Əməkdar mədəniyyət işçisi İlham Əsgərov əlamətdar gün münasibətilə gəncləri təbrik edib. Qeyd edib ki, Ümummilli lider Heydər Əliyevin 1997-ci il imzaladığı fərmanla fevralın 2-si Azərbaycan Gəncləri Günü elan olunub. Bu gün Prezidenti İlham Əliyevin və Birinci vitse-prezident Mehriban Əliyevanın gənclərə diqqət və qayğısı bütün sahələrdə, o cümlədən mədəniyyət sahəsində özünü ən yüksək səviyyədə göstərir.
Qeyd edilib ki, Akademik Milli Dram Teatrı da Mədəniyyət Nazirliyinin dəstəyi ilə gənclərə öz potensiallarını reallaşdırmaq üçün imkan yaradır. Gənc aktyor və rejissorlar teatrın tanınmış sənətkarlarının qayğısı ilə onlarla çiyin-çiyinə çalışır, müxtəlif uğurlu işlərə imza atırlar.
Sonra uğurlu fəaliyyətlərinə görə Xədicə Novruzlu, Lalə Süleymanova, Nəzrin Abdullayeva, Tural İbrahimov, Elsevər Rəhimov, Kənan Hüseynov, Fərid Qarayev, Elçin Nurəliyev, Əliulla Vəliyev, Muhuma Sahov, Rəbbilə Ələkbər-zadə, Rəvan Səmədov, Əli Nurzadə, Məmməd Məmmədli, Nicat İsgəndərli, Nihad Aslan, Rüfət Əhmədov və “Əsa” teatrında uğurlu fəaliyyətinə görə Elvin Mirzəyev, Səmayə Qulamzadə diplomla təltif olunublar.
Tədbirdə bir qrup gəncin Azərbaycan Teatr Xadimləri İttifaqının təsis etdiyi “Ümid” mükafatı ilə təltif edildiyi də diqqətə çatdırılıb. ATXİ-nin sədri Xalq artisti Hacı İsmayılov tərəfindən Tural İbrahimov, Gülarə Məmmədova və Fuad Cavadzadəyə mükafatlar təqdim olunub.






















