2 fevral – Azərbaycan Gəncləri Günü münasibətilə Sabirabad Rayon İcra Hakimiyyətinin təşəbbüsü, Mil-Muğan Regional Mədəniyyət İdarəsi, Mil-Muğan Regional Gənclər və İdman İdarəsi və YAP rayon təşkilatının birgə təşkilatçılığı, “Əminlər” şirkətinin dəstəyi ilə tədbir keçirilib.
Tədbirdən öncə iştirakçılar Ulu öndər Heydər Əliyevin abidəsini və Şəhidlər xiyabanını ziyarət ediblər.
Rayon Mədəniyyət Mərkəzində təşkil olunan tədbirdə icra başçısı Siraqəddin Cabbarov çıxış edib. O, Ulu öndər Heydər Əliyevin əsasını qoyduğu gənclər siyasətinin Prezident İlham Əliyevin rəhbərliyi ilə davam etdirildiyini vurğulayıb, gənclərin ölkənin ictimai və mədəni həyatında fəallığının dövlətin inkişafına töhfə verdiyini diqqətə çatdırıb və onlara uğurlar arzulayıb.
YAP Sabirabad rayon təşkilatının sədri Varis Rüstəmov və Mil-Muğan Regional Gənclər və İdman İdarəsinin rəisi vəzifəsini icra edən Elçin Qiyasov da çıxışlarında Ulu öndərin gənclərə göstərdiyi xüsusi qayğını qeyd edib, bu sahədə həyata keçirilən proqramların gənc nəslin dünyagörüşünün və vətənpərvərlik ruhunun formalaşmasında mühüm rol oynadığını bildiriblər.
Regionun ictimai-mədəni həyatında fərqlənən bir qrup gəncə fəxri fərman və müxtəlif hədiyyələr təqdim olunub.
Tədbir Mil-Muğan Regional Mədəniyyət İdarəsinin tabeliyində fəaliyyət göstərən uşaq incəsənət və musiqi məktəblərinin müəllim və şagirdlərinin iştirakı ilə təqdim olunan konsert proqramı ilə davam edib.
Proqramda vətənpərvərlik ruhunda musiqi nömrələri ifa olunub, rəqs nümunələri nümayiş etdirilib.
Tədbirin sonunda xatirə şəkili çəkdirilib.























