Qazax Rayon İcra Hakimiyyəti, Mədəniyyət İşçiləri Həmkarlar İttifaqı rayon komitəsi, Qazax şəhər 2 nömrəli Musiqi məktəbi və Qazax Gənclər evinin birgə tərəfdaşlığı ilə 2 fevral – Azərbaycan Gəncləri Gününə həsr olunmuş tədbir keçirilib. 

Tədbir iştirakçıları əvvəlcə Ümummilli lider Heydər Əliyevin abidəsini ziyarət edib, Heydər Əliyev Mərkəzinin ekspozisiyası ilə tanış olublar.

Qazax Gənclər evində davam edən tədbirdə Gəncləri Gününə həsr olunmuş videoçarx nümayiş etdirilib.

Çıxış edənlər Azərbaycanda dövlət gənclər siyasətindən söz açaraq, əsası Ulu öndər Heydər Əliyev tərəfindən qoyulmuş bu siyasətin uğurla davam etdirildiyini bildiriblər. Qeyd edilib ki, gənclər cəmiyyətin gələcəyini formalaşdıran əsas qüvvədir və düzgün, vətənpərvər, peşəkar və məsuliyyətli vətəndaş yetişdirilməsi dövlət siyasətinin prioritet istiqamətlərindəndir. 

Rayonun ictimai-siyasi həyatında fəal iştirakına görə fərqlənən bir qrup gənc Qazax-Tovuz Regional Gənclər və İdman İdarəsinin fəxri fərmanları və hədiyyələrlə təltif edilib.

Sonra Qazax şəhər 2 nömrəli Musiqi məktəbinin konsert proqramı təqdim edilib.