Tarixdəki olaylar
31 yanvar 1902 – Şamaxı şəhərində güclü zəlzələ böyük dağıntı və tələfat törədib. Şamaxıda və ətraf kəndlərdə 2 mindən çox sakin həlak olmuş, 20 min nəfərədək əhali evsiz qalmışdı. Şamaxıda 1856, 1861 və 1872-ci illərdə də dağıdıcı zəlzələlər baş verib.
31 yanvar 1992 – Azərbaycan Respublikası ilə Ukrayna arasında diplomatik münasibətlər qurulub.
Tarixdəki adlar (mədəniyyət, ədəbiyyat)
31 yanvar 1797 – Avstriya bəstəkarı Frans Şubert (Franz Peter Schubert; 1797 – 19.11.1828) anadan olub. “Alfonso və Estrella” operası, simfoniya, mahnı və romansların müəllifidir.
31 yanvar 1879 – Tanınmış satirik şair Səməd Mənsur (Səməd Hacı Əhməd oğlu Kazımov; 1879 – 3.1.1927) Bakının Əmircan kəndində doğulub. “Molla Nəsrəddin”, “Şeypur” və s. jurnallarda şeirləri dərc edilib. “Səfa” cəmiyyətinin yaradıcısı olub, cəmiyyətin nəzdindəki teatr üçün pyeslər yazıb.
31 yanvar 1884 – Görkəmli ictimai-siyasi xadim, yazıçı-publisist Məhəmməd Əmin Hacı Molla Ələkbər oğlu Rəsulzadə (1884 - 6.3.1955) Bakının Novxanı kəndində doğulub. Azərbaycan Xalq Cümhuriyyətinin (1918-1920) banisidir. Cümhuriyyətin süqutundan sonra Avropada, Türkiyədə Azərbaycan mühacirətinə rəhbərlik edib, jurnal və qəzetlər nəşr etdirib. “Çağdaş Azərbaycan ədəbiyyatı”, “Çağdaş Azərbaycan tarixi” və s. əsərlərin müəllifidir. Məzarı Ankaradadır.
31 yanvar 1903 – Əməkdar rəssam, tanınmış boyakar və qrafik Ələkbər Ələsgər oğlu Rzaquliyev (1903 – 31.1.1974) Bakıda anadan olub. “Köhnə Bakı” silsiləsi, “M.Ə.Sabir”, “Çaybecərənlər” və s. linoqravüraların müəllifidir. 30-40-cı illərdə repressiyaya məruz qalıb, həbs və sürgün edilib.
31 yanvar 1915 – Xalq artisti Vera Karlovna Şirye (1915 – 5.5.2003) Bakıda anadan olub. 1933-cü ildən Azərbaycan Dövlət Rus Dram Teatrının aktrisası olub, “İstiqlal” ordeni (2000) ilə təltif olunub.
31 yanvar 1918 – Xalq artisti Konstantin Nikolayeviç Bataşov (1918 – 19.12.1991) Tiflisdə doğulub. Akademik Opera və Balet Teatrının balet artisti olub, Bakı Xoreoqrafiya Məktəbində dərs deyib.
31 yanvar 1921 – Amerika opera müğənnisi, aktyor Mario Lansa (Mario Lanza – əsl adı Alfredo Arnoldo Cocozza; 1921 – 7.10.1959) anadan olub.
31 yanvar 1924 – Əməkdar incəsənət xadimi, görkəmli şair Əli Tudə (Əli Əliqulu oğlu Cavadzadə; 1924 – 26.2.1996) Bakıda doğulub. 1940-cı illərdə Cənubi Azərbaycanda azadlıq hərəkatının öncüllərindən olub.
31 yanvar 1924 – Gürcü kinorejissoru, SSRİ Xalq artisti Tengiz Abuladze (1924 – 6.3.1994) anadan olub. Filmləri: “Mən, nənəm, İliko və İllarion”, “Arzu ağacı”, “Tövbə” və s.
31 yanvar 1935 – Yapon yazıçısı, ədəbiyyat üzrə Nobel mükafatı laureatı (1994) Kendzaburo Oe (1935 – 13.3.2023) anadan olub. Əsərləri: “Şəxsi təcrübə”, “Müasirlərin oyunu”, “Həyatın qohumları”, “İkiyüzyaşlı uşaq” və s.
31 yanvar 1937 – Əməkdar incəsənət xadimi, fleyta ifaçısı Telman Muxtar oğlu Hacıyev (1937 – 16.7.2025) Bakıda anadan olub.
31 yanvar 1937 – Litva aktyoru, SSRİ Xalq artisti Reqimantas Adomaytis (Regimantas Adomaitis; 1937 – 20.6.2022) anadan olub. Filmləri: “Bu şirin söz – azadlıq”, “Həyat gözəldir”, “İlğım” və s.
31 yanvar 1963 – Azərbaycan teatr və kino sənətinin müqtədir aktyoru, SSRİ Xalq artisti Ələsgər Hacıağa oğlu Ələkbərov (26.3.1910 – 1963) vəfat edib. 1933-cü ildən Akademik Milli Dram Teatrında fəaliyyət göstərib, Filmlərdə (“Fətəli xan”, “Böyük dayaq” və s.) unudulmaz obrazlar yaradıb.
Hazırladı: Vüqar Orxan

























