“Azərbaycan Respublikasında 2026-cı ilin “Şəhərsalma və Memarlıq İli” elan edilməsi ilə bağlı Tədbirlər Planı” Prezident İlham Əliyevin yanvarın 30-da imzaladığı Sərəncamla təsdiq edilib.
Sərəncama əsasən, Tədbirlər Planında nəzərdə tutulmuş tədbirlərin əlaqələndirilməsini və icrasına nəzarəti Azərbaycan Respublikası Prezidentinin Administrasiyası həyata keçirəcək.
Tədbirlər Planı 12 bənddən ibarətdir.
O cümlədən dörd bəndin icraçı qurumları arasında Mədəniyyət Nazirliyi də var:
Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında həyata keçirilən yenidənqurma işləri, bərpa olunan memarlıq və tarixi-mədəni irs nümunələri haqqında materialların hazırlanması və ictimaiyyətə təqdim edilməsi (bənd 5);
“Şəhərsalma və Memarlıq İli” ilə bağlı mediada müvafiq materialların hazırlanması və yayımlanması, Azərbaycanın müasir şəhərsalma və memarlıq nümunələrinin qlobal informasiya məkanında geniş işıqlandırılması (10);
UNESCO-nun Ümumdünya İrs Siyahısına daxil edilmiş Azərbaycan Respublikasının daşınmaz mədəni irs nümunələrini əks etdirən gümüş xatirə sikkələrinin hazırlanması (11);
Tarix və memarlıq abidələri haqqında məlumatların rəqəmsallaşdırılması (12).
***
“Azərbaycan Respublikasında 2026-cı ilin “Şəhərsalma və Memarlıq İli” elan edilməsi ilə bağlı Tədbirlər Planı”nın təsdiq edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı
Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, “Azərbaycan Respublikasında 2026-cı ilin “Şəhərsalma və Memarlıq İli” elan edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2025-ci il 22 dekabr tarixli 858 nömrəli Sərəncamına uyğun olaraq qərara alıram:
1. “Azərbaycan Respublikasında 2026-cı ilin “Şəhərsalma və Memarlıq İli” elan edilməsi ilə bağlı Tədbirlər Planı” təsdiq edilsin (əlavə olunur).
2. Bu Sərəncamın 1-ci hissəsi ilə təsdiq edilən Tədbirlər Planında nəzərdə tutulmuş tədbirlərin əlaqələndirilməsini və icrasına nəzarəti Azərbaycan Respublikası Prezidentinin Administrasiyası həyata keçirsin.
3. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Sərəncamdan irəli gələn məsələləri həll etsin.
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 30 yanvar 2026-cı il



















