Dövlət Turizm Agentliyinin (DTA) sədrinin müavini Azadə Hüseynova İspaniyanın San-Sebastiyan şəhərində “Bask Kulinariya Mərkəzi”nin direktoru Joxe Mari Aizeqa ilə görüşüb.

DTA-dan verilən məlumata görə, görüşdə Avropada qastronomiya və kulinariya sənətinə həsr olunmuş ilk universitet, qastronomiya üzrə ali təhsil, elmi-tədqiqat və innovasiya sahəsində ixtisaslaşmış beynəlxalq nüfuzlu akademik məkan olan “Bask Kulinariya Mərkəzi” ilə mübadilə imkanları, aşpazlıq ixtisasının və ümumilikdə qastronomiyanın bütün sahələrini əhatə edən praktik tədris metodikası müzakirə olunub. Dövlət Turizm Agentliyinin bu istiqamətdə təşkil etdiyi beynəlxalq peşə təhsili proqramlarının nəticələri yüksək qiymətləndirilib.

Bundan əlavə, Fransada yaradılmış, beynəlxalq nüfuza malik “Gault&Millau” qastronomik bələdçisi və reytinq sisteminin idarə heyətinin vitse-prezidenti Juan Karlos Torres ilə görüş keçirilib. Görüş zamanı qastronomiya turizminin cəlbediciliyi, keyfiyyət standartları və peşəkar inkişaf, milli mətbəxin dünya səhnəsində təqdimatı və digər əməkdaşlıq perspektivləri ətrafında müzakirələr aparılıb.

Səfər müddətində həmçinin BMT Turizmin baş katibi xanım Şeyxa Nasir əl-Novais ilə DTA sədrinin müavini Azadə Hüseynova arasında görüş keçirilib. Qastronomiya turizmi və İpək Yolu turizmi də daxil olmaqla, beynəlxalq təşkilatla qarşılıqlı əməkdaşlıq əlaqələrinin daha da gücləndirilməsi perspektivləri ətrafında fikir mübadiləsi aparılıb.