Azərbaycan Memarlıq və İnşaat Universiteti (AzMİU) ilə İqtisadiyyat Nazirliyinin tabeliyində fəaliyyət göstərən Dördüncü Sənaye İnqilabının Təhlili və Koordinasiya Mərkəzi (4SİM) arasında əməkdaşlıq imkanlarının genişləndirilməsi məqsədilə görüş keçirilib.

Universitetdən bildirilib ki, görüşdə AzMİU-nun rektoru Gülçöhrə Məmmədova həyata keçirilən tədris, elmi-tədqiqat və innovasiya fəaliyyəti, eləcə də rəqəmsallaşma təşəbbüsləri barədə ətraflı məlumat verib.

Diqqətə çatdırılıb ki, cari ildən etibarən universitetdə süni intellekt sahəsində yeni təşəbbüslərin icrasına başlanılıb. 2026-2027-ci tədris ilindən etibarən magistratura pilləsi üzrə “Süni intellekt” ixtisasının standart ixtisas kimi açılması nəzərdə tutulur. Rektor bu istiqamətdə 4SİM ilə fəaliyyətin genişləndirilməsinin əhəmiyyətini vurğulayıb.

4SİM-in icraçı direktoru Fariz Cəfərov qurumun fəaliyyət istiqamətləri, eləcə də rəqabətli insan kapitalının inkişafına yönəlmiş layihə və təşəbbüslər haqqında məlumat verib. O, xüsusilə “4Sİ Akademiyası-Milli Proqram” çərçivəsində AzMİU əməkdaşları və tələbələrinin iştirakını qeyd edib.

Görüşdə AzMİU ilə 4SİM arasında əməkdaşlığa dair anlaşma memorandumu imzalanıb.

Memorandum çərçivəsində Sənaye 4.0 və süni intellekt sahələrində birgə təşəbbüslərin həyata keçirilməsi, elmi-tədqiqat və təcrübə mübadiləsinin genişləndirilməsi əsas prioritetlər kimi müəyyən olunub.