Balakən rayon Mədəniyyət Mərkəzində narkomaniyanın fəsadlarından bəhs edən “Külə dönmüş arzular” adlı tamaşa hazıranıb. Yanvarın 28-də səhnə əsəri nümayiş olunub.

Bu barədə Şəki-Zaqatala Regional Mədəniyyət İdarəsindən məlumat verilib

Pakizə Hüseynova və Mirzəağa Məmmədovun ssenarisi əsasında səhnələşdirilmiş tamaşaya mərkəzin bədii rəhbəri Zöhrə Bakayeva quruluş verib.

Balakən Rayon İcra Hakimiyyəti yanında Narkotiklərlə Mübarizə Komissiyası və Mədəniyyət Mərkəzinin birgə təşkilatçılığı ilə reallaşan təqdimatda rayon rəsmiləri, hüquq-mühafizə orqanlarının, idarə və müəssisələrin rəhbər və əməkdaşları, müəllimlər, yuxarı sinif şagirdləri iştirak ediblər.

Tamaşanın nümayişindən əvvəl narkomanlığın fəsadlarını əks etdirən rəsm sərgisinə baxış olub.

Təqdimatda qeyd edilib ki, sağlam həyat tərzinin təbliği, gənclərin zərərli vərdişlərdən uzaqlaşdırılması, asudə vaxtlarının səmərəli təşkili, sağlamlıq və yaradıcılıq fəaliyyətlərinin genişləndirilməsi daim diqqət mərkəzində saxlanılmalıdır. Bu işdə maarifləndirmə tədbirlərinin rolu böyükdür.

Mədəniyyət Mərkəzinin dram dərnəyi üzvlərinin iştirak etdiyi tamaşa maraqla qarşılanıb. 

Sonda narkomaniyaya qarşı mübarizə tədbirlərinə həsr olunan film nümayiş etdirilib.