Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutu tərəfindən “İraq-Türkman ədəbiyyatı tarixi” kitabı nəşr olunub.

Bu barədə Ədəbiyyat İnstitutundan məlumat verilib.

Əməkdar elm xadimi, professor Qəzənfər Paşayev və filologiya üzrə fəlsəfə doktoru Orxan İsayevin müəllifi olduqları monoqrafiyada İraqda yaşayan soydaşlarımızın yaradıcılığı ilk dəfə mərhələlərə bölünüb, inkişaf istiqamətləri müəyyən edilib.

Bundan əlavə, kitabda türkmanların yazılı ədəbiyyatı ilə yanaşı, şifahi xalq ədəbiyyatı da öz əksini tapıb. Əsər Azərbaycan ədəbiyyat tarixçiliyi prinsiplərinə uyğun şəkildə yazılıb.

AMEA-nın prezidenti akademik İsa Həbibbəyli kitaba ön söz yazıb. Nəşrin redaktorları Mustafa Ziya, Şəmsəddin Kuzəçi, rəyçiləri  professorlar Məhərrəm Qasımlı, Məmməd Əliyev, Nizami Tağısoy və filologiya üzrə fəlsəfə doktoru Səkinə Qaybalıyevadır.