Muzeylər tarixi yaddaşın, milli kimliyin və mədəni irsinin daşıyıcısıdır. Azərbaycan xalqının zəngin tarixi, qədim maddi mədəni irsi muzeylər vasitəsilə qorunur və gələcək nəsillərə ötürülür. Bu sahənin inkişafında Ümummilli lider Heydər Əliyevin müstəsna xidmətləri olmuşdur. “Muzeylər xalqın tarixi yaddaşıdır. Xalq öz tarixini, mədəniyyətini muzeylərdə qoruyur və gələcək nəsillərə ötürür” – bu sözlər Heydər Əliyevin muzeylərə verdiyi dəyərin bariz nümunəsidir. Dahi şəxsiyyət ölkəmizə rəhbərliyinin hər iki dövründə Azərbaycanın tarixi-mədəni irsinin qorunması, öyrənilməsi və təbliği məsələlərini daim diqqətdə saxlamışdır.

Muzey işinə aid dəyərli tədqiqatların müəllifi, filologiya elmləri doktoru Adilxan Bayramov “Heydər Əliyev və muzeylərimiz” kitabında yazır: “Azərbaycanda muzey işinə diqqət və qayğı Ümummilli liderimiz Heydər Əliyevin fəaliyyətində xüsusi yer tutmuşdur. Heydər Əliyevi bir şəxsiyyət kimi səciyyələndirən cəhətlərdən biri onun elm və mədəniyyətə böyük məhəbbətlə qayğı göstərməsi idi. O, xalqın əsrlər boyu yaratdığı mənəvi sərvətin, mədəniyyət dəyərlərinin toplanılması, qorunması və daha da zənginləşdirilməsinə öz əməyini əsirgəməmişdir”.

Ulu öndər Heydər Əliyevin Azərbaycana rəhbərlik etdiyi 1970-80-ci illərdə qəbul edilən qərarlar xatirə muzeylərinin yaranmasına böyük təkan verdi. Həmin dövrdə Səməd Vurğun, Üzeyir Hacıbəyli, Bülbül, Məmməd Səid Ordubadi, Abdulla Şaiq və başqa görkəmli şəxsiyyətlərin ev-muzeyləri yaradıldı.

Ümummilli liderin ən mühüm xidmətlərindən biri də Hüseyn Cavidin cənazəsini uzaq Sibirdən gətirərək Naxçıvanda dəfn etdirməsi və həm Bakıda, həm də Naxçıvanda onun xatirəsini əbədiləşdirməsidir. Bu addımlar Heydər Əliyevin milli mədəniyyətimizə və dahi şəxsiyyətlərimizə, onların irsinə göstərdiyi diqqətin sübutudur.

Ulu öndər təkcə muzeylərin yaradılması ilə bağlı qərar qəbul etməmiş, həmin muzeylərin açılışında iştirak etmiş, xalqının dühalarına böyük hörmət etdiyini, onlarla fəxr duyduğunu bir daha sübut edərək, sonradan da bu mədəniyyət ocaqlarının bəzilərinin yenidən ziyarətçisi olmuşdur.

Heydər Əliyev müstəqil Azərbaycanın rəhbərliyinə qayıdışından sonra da bu sahəyə diqqət və qayğısını əsirgəməmişdir. Onun prezidentliyi dövründə, 2000-ci ildə “Muzeylər haqqında” qanun qəbul edilmişdir. Qanun Azərbaycan Respublikasında muzeylərin fəaliyyətinin təşkilati-hüquqi və iqtisadi əsaslarını müəyyən edir, onlarla bağlı münasibətləri tənzimləyir.

Ulu öndərin bu istiqamətdə əsasını qoyduğu ənənələr Prezident İlham Əliyev tərəfindən layiqincə davam etdirilir. Ölkəmizdə unikal memarlığa malik muzey binaları qurulur, mövcud muzeylərdə əsaslı təmir-bərpa işləri aparılır, onların maddi-texniki bazası möhkəmləndirilir. Paytaxtda və bölgələrdə Ulu öndərin örnək həyat yolunu və zəngin dövlətçilik irsinin yeni nəsillərə çatdırılması məqsədilə Heydər Əliyev mərkəzləri yaradılmışdır.

Gəncə şəhərindəki Heydər Əliyev Mərkəzi özünəməxsus memarlıq üslubu və genişmiqyaslı fəaliyyəti ilə bu sırada xüsusi yer tutur. Mərkəz yarandığı gündən etibarən Heydər Əliyevin zəngin siyasi və dövlətçilik irsinin təbliği, milli-mənəvi dəyərlərin qorunması və gənc nəslin maarifləndirilməsi istiqamətində fəaliyyət göstərir. Burada dahi şəxsiyyətin həyat və fəaliyyətinin müxtəlif mərhələlərini əks etdirən eksponatlar, tarixi sənədlər, foto materiallar və nəşrlər nümayiş olunur. 

Mərkəzdə keçirilən elmi-praktik konfranslar, dəyirmi masalar, mühazirələr, anım və əlamətdar günlərə həsr olunmuş tədbirlər gənc nəslin milli şüurunun formalaşmasına, dövlətçilik dəyərlərinə bağlılığının möhkəmlənməsinə xidmət edir. Xüsusilə məktəblilər və tələbələr üçün təşkil olunan maarifləndirici görüşlər Heydər Əliyev irsinin öyrənilməsində mühüm rol oynayır.

Heydər Əliyev Mərkəzi Gəncə şəhərinin ictimai qurumları, təhsil müəssisələri və mədəniyyət təşkilatları ilə sıx əməkdaşlıq edir, Ulu öndərin “mədəniyyət xalqın milli sərvətidir” prinsiplərinə uyğun fəaliyyət göstərir.

Bu gün Azərbaycan mədəniyyəti zəngin ənənələri əsasında yeni inkişaf mərhələsini yaşayır. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin mədəniyyət sahəsinə dair imzaladığı fərman və sərəncamların, müvafiq dövlət proqramlarının icrası nəticəsində milli mədəniyyətimizin dünyada tanıdılması, ölkəmizin dünyanın mədəniyyət məkanında layiqli yer tutması, milli mədəni irsimizin, dəyər və sərvətlərimizin qorunub saxlanılması, inkişaf etdirilməsi istiqamətində mühüm addımlar atılır.

Prezident İlham Əliyevin 14 yanvar 2026-cı il tarixli Sərəncamı ilə təsdiq edilən “Azərbaycan Mədəniyyəti – 2040” Azərbaycan Respublikasının Mədəniyyət Konsepsiyası” da Ulu öndər Heydər Əliyevin əsasını qoyduğu mədəniyyət siyasətinin müasir dövrdə uğurla davam etdirildiyini göstərir və Azərbaycan mədəniyyətinin gələcək inkişafı üçün strateji yol xəritəsi rolunu oynayır.

 

Dursun Əliyeva

Gəncə şəhər Heydər Əliyev Mərkəzinin kiçik elmi işçisi