2025-ci ildə Azərbaycan kinoteatrlarında 27 adda yerli film nümayiş olunub. Öncəki ildə (2024) də kinoteatrlarda göstərilən yerli filmlər eyni sayda olub.
Bu barədə Azərbaycan Kinematoqrafçılar İttifaqının dəstəyi ilə fəaliyyət göstərən kinoinfo.az saytı tərəfindən aparılan statistikaya dair məlumatda bildirilir.
Məlumatda diqqətə çatdırılır ki, kinoteatr şəbəkələri üzrə statistikada filmlərin nümayişi üzrə fərqlilik müşahidə olunur.
Ötən il ən çox (21) yerli film “Park Cinema” şəbəkəsində təqdim edilib. Nizami Kino Mərkəzində 19, “Cinemastercard” şəbəkəsində 17 film göstərilib.
2025-ci ilin göstəriciləri deməyə əsas verir ki, yerli kino istehsalı sabitdir, lakin tamaşaçı və şəbəkələr arasında paylanma bərabər deyil. Bəzi kinoteatrlarda milli kino üçün imkanlar daha məhduddur. Eləcə də böyük şəbəkələrdə milli filmlərin nümayişi hələ yetərli səviyyədə deyil.
2025-ci ildə göstərilən 27 yerli filmdən təxminən yarısı ümumilikdə 30 gündən artıq kinoteatrların repertuarında qalıb: “Hozu 007”, “Hozu Xan”, “Tağıyev. Neft”, “Tağıyev. Çar”, “Tağıyev. Sona”, “Səriyyə”, “Evdə qalmış 2”, “Apatiya 2”, “Otel Loo”, “Spinozanın tanrısı”, “Qapı”, “4 təkər”, “Bəlkə də…”, “Heykəl”, “Doğma torpaq”.
Uzun müddət nümayişdə qalmaq həm kommersiya, həm də milli kinonun təbliği baxımından uğurlu sayıla bilər. Bu, Azərbaycanda kino istehsalında keyfiyyət və tamaşaçı üçün cəlbedicilik baxımından da müəyyən dinamika olduğunu göstərir.



















