Cəfər Cabbarlı adına Respublika Gənclər Kitabxanasında görkəmli ədib, maarifçi, general-mayor İsmayıl bəy Qutqaşınlının anadan olmasının 220 illiyi münasibətilə silsilə materiallar – “Ədəbiyyat tariximizdə parlaq imza: İsmayıl bəy Qutqaşınlı – 220” adlı biblioqrafik icmal və “Bir yurda fəxarət” adlı videomaterial hazırlanıb.
Kitabxanadan bildirilib ki, materiallarda İsmayıl bəy Qutqaşınlının Azərbaycan ədəbiyyatına müasir nəsr (hekayə) janrını gətirən yazıçı olmasından, "Rəşid bəy və Səadət xanım" hekayəsindən, iki dəfə müqəddəs Həcc ziyarətində olan ədibin bu səyahəti ilə əlaqədar "Səfərnamə" adlı yol qeydlərini yazmasından bəhs olunur.
İsmayıl bəy Qutqaşınlının ədəbi irsinin təbliği məqsədilə hazırlanan materiallarda ədibin həyat və yaradıcılığının əsas tarixləri, bir sıra görkəmli şəxslərin onun haqqında söylədikləri fikirlər, “Tarixdə iz buraxanlar: İsmayıl Bəy Qutqaşınlı” və “Ədəbiyyat tariximizdə parlaq imza” adlı məqalələrin tam mətni təqdim edilir. Kitabxananın saytında yerləşdirilən biblioqrafik icmalda İsmayıl bəyin müəllifi olduğu və onun haqqında qələmə alınan kitabların biblioqrafik təsviri, qısa annotasiyası və dövri mətbuat məqalələrinin siyahısı yer alır.
“Bir yurda fəxarət” adlı videomaterialda İsmayıl bəy Qutqaşınlının ədəbi yaradıcılığı ilə yanaşı parlaq hərbi fəaliyyətindən də bəhs edilir, onun Rusiya imperator ordusunun general-mayoru və Müqəddəs Georgi ordenini qazanan ilk azərbaycanlı olması qeyd edilir.
Material kitabxananın saytında yerləşdirilib.
***
Yanvarın 27-də tarix elmləri doktoru, Dövlət mükafatı laureatı, Əməkdar elm xadimi Sara Aşurbəylinin anadan olmasının 120 illiyi tamam olur. Bu münasibətlə Cəfər Cabbarlı adına Respublika Gənclər Kitabxanasında görkəmli alimin həyat yolu və zəngin elmi fəaliyyətindən bəhs edən “Vətən tarixinin görkəmli tədqiqatçısı” adlı biblioqrafik icmal və virtual kitab sərgisi hazırlanıb.
Kitabxanadan bildirilib ki, biblioqrafik icmalda görkəmli şəxslərin Sara Aşurbəyli haqqında söylədikləri dəyərli fikirlər, həyat və yaradıcılığı haqqında məlumat, Əməkdar incəsənət xadimi, sənətşünaslıq üzrə fəlsəfə doktoru Ziyadxan Əliyevin “Sara Aşurbəylinin rənglər dünyası”, tarix elmləri doktoru, professor Kərim Şükürovun “Dünya qadın tarixçiliyi: şəxsiyyət və əfsanə”, Lalə Azərinin “Milli tarixi yaddaşa işıq salan alim” adlı məqalələrin tam mətni təqdim edilir.
Kitabxananın saytında yerləşdirilən vəsaitdə Sara Aşurbəylinin müəllifi olduğu və onun haqqında qələmə alınan kitabların biblioqrafik təsviri, qısa annotasiyası və dövri mətbuat məqalələrinin siyahısı yer alır.
Virtual kitab sərgisində “Şirvanşahlar dövləti”, “Bakı şəhərinin tarixi”, “Bakı şəhərinin ensiklopediyası” kimi Azərbaycan və rus dillərində nəşr edilən kitabların və “Sara Aşurbəyli Azərbaycanın və Bakının tarixinin ümummilli səviyyədə tədqiqinə misilsiz töhfələr verib”, “Sara Aşurbəylinin rənglər dünyası”, “Zadəgan təmkini - Sara Aşurbəyli” kimi məqalələrin tam mətni təqdim edilir.
Virtual kitab sərgisi də kitabxananın saytında yerləşdirilib.





















