Gəncə Dövlət Filarmoniyasında Qara Qarayev adına Azərbaycan Dövlət Kamera Orkestrinin (M.Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyası) konsert proqramı təqdim edilib.
Bu barədə Gəncə-Daşkəsən Regional Mədəniyyət İdarəsi məlumat yayıb.
Konsert Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə bədii kollektivlərin ölkə üzrə ilk genişmiqyaslı qastrol səfərləri çərçivəsində keçirilib.
Qastrol səfərlərinin əsas məqsədi milli musiqi dəyərlərinin qorunması və bölgə tamaşaçılarına yüksək səviyyəli musiqi nümunələrinin təqdim olunmasıdır.
Əməkdar artist, dirijor Əyyub Quliyevin idarə etdiyi konsertdə Dövlət Kamera Orkestri və solistlər – Əməkdar artist Nərgiz Kərimova (soprano), Rəfiqə Quluzadə (piano), Səid Məmmədov (violin) və Səxavət Məmmədov (tar) musiqisevərlərə yüksək sənət zövqü bəxş ediblər.
Klassik dünya musiqisinin inciləri ilə Azərbaycan bəstəkarlarının möhtəşəm əsərlərinin səsləndiyi proqram alqışlarla qarşılanıb.
Dinləyicilərin sürəkli alqışları altında orkestr bis olaraq Aqşin Əlizadənin “Cəngi” və Yohannes Brahmsın 1 nömrəli “Macar rəqsi”ni ifa edib.






















