Ankaradakı Azərbaycan Mədəniyyət Mərkəzinin “Türkiyədə tanınmış azərbaycanlıların izi ilə” layihəsi çərçivəsində “Doğu ile Batı arasında bir mütefekkir: Ahmet Ağaoğlu” kitabı Türkiyə türkcəsində nəşr edilib. 

Azərbaycanlı tarixçi, araşdırmaçı Dilqəm Əhmədin nəşrə hazırlayadığı kitabda tanınmış ictimai-siyasi xadimi, mütəfəkkir, yazıçı, hüquqşünas və şərqşünas-alim Əhməd bəy Ağaoğlunun (1869–1939) heç vaxt araşdırılmayan və çap olunmayan elmi-ədəbi məqalələri, xatirələri, memuarları, günlük yazıları, onun haqqında müsahibələr, tanınmış şəxsiyyətlərin fikirləri toplanıb.

Kitabda Prezident İlham Əliyevin Əhməd bəy Ağaoğlunun 150 illik yubileyi haqqında sərəncamı (2019) da diqqətə çatdırılır.

Tərtibçi Dilqəm Əhməd kitabda vurğulayır ki, Əhməd bəy Ağaoğlunun Şərq və Qərb mədəniyyətləri arasında apardığı müqayisələr onun həm ənənəvi dəyərlərə bağlılığını, həm də modern düşüncəyə açıq mövqeyini nümayiş etdirir.

Kitabda ilk dəfə tanınmış ictimai-ədəbi xadim Əhməd bəy Ağaoğlunun şəxsi arxivindən sənədlər, fotoşəkillər də yer alıb. 

Azərbaycan Mədəniyyət Mərkəzindən verilən məlumata görə, kitabın Ankara Dövlət Universiteti və İstanbul Universitetində geniş təqdimatının keçirilməsi, Türkiyənin aparıcı universitetlərinə, kitabxanalarına hədiyyə edilməsi nəzərdə tutulur.