Azərbaycan İncəsənət Məktəbinin təşəbbüsü və "EMEDIA GROUP"un təşkilatçılığı ilə ölkəmizdə ilk dəfə inklüziv və autizm spektrində olan uşaqların iştirakı ilə tamaşa hazırlanıb.
“Kainatın sükutunu yaradan uşaqlar” adlı mürəkkəb quruluşlu, qarabasma janrında bədii səhnə əsəri yanvarın 23-də Şuşa Dövlət Musiqi Dram Teatrının səhnəsində nümayiş olunub.
Tədbirdə Milli Məclisin deputatları, müxtəlif qurumların nümayəndələri, incəsənət və ictimaiyyət xadimləri iştirak ediblər.
Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin sədri professor Hicran Hüseynova çıxışında qeyd edib ki, ölkəmizdə həyata keçirilən dövlət proqramı çərçivəsində hər bir aidiyyəti qurum uşaqların problemləri, onların hüquqları, təhsili, sağlamlığı ilə bağlı mühüm işlər görür: "Xüsusi qayğıya ehtiyacı olan uşaqların valideynləri də öz övladlarının cəmiyyətə inteqrasiyası üçün əllərindən gələni edirlər. İnklüziv təhsilə cəlb olunan uşaqlarda sonradan çox böyük dəyişikliklər olduğunu görürük. Bu istiqamətdə daha çox işləməli və uşaqları daha çox qorumalıyıq".
Azərbaycan İncəsənət Məktəbinin təsisçisi və layihə rəhbəri Fərid Bağırov tamaşanın əsas mahiyyətindən bəhs edərək bildirib ki, layihə inklüziv dəyərlərin təşviqi, fərqli bacarıq və imkanlara malik şəxslərin yaradıcılıq prosesinə cəlb olunması istiqamətində həyata keçirilən genişmiqyaslı və çoxsahəli təşəbbüslərin bariz nümunəsidir. Bu cür layihələr cəmiyyətdə bərabər imkanların formalaşmasına, yaradıcı potensialın üzə çıxarılmasına və sosial inteqrasiyanın güclənməsinə mühüm töhfə verir.
"Bir il ərzində tamaşanın üzərində işləmişik və nəhayət ki, onun premyerasını həyata keçirdik. Təbii ki, belə fərqli uşaqlarla işləmək həm çətin, həm də məsuliyyətlidir. Biz çalışdıq ki, həmin uşaqların fiziologiyasının, psixologiyasının bütün mahiyyətini nəzərə alaraq onlarla geniş tamaşa ərsəyə gətirək. Tamaşanın müxtəlif yerlərdə nümayiş olunmasını təşkil edəcək, dövlət siyasətinə dəstəyimizi ifadə edəcəyik. Bunu etmək hər birimizin borcudur", – deyə F.Bağırov əlavə edib.
“EMEDIA GROUP” media təşkilatının sədri Elşən Əliyev bildirib ki, layihə inklüzivliyin və fərqliliyin dəyər kimi qəbul olunmasını təşviq etməklə yanaşı, fərdi yaradıcı potensialın üzə çıxarılaraq cəmiyyətin fəal bir hissəsinə çevrilməsi məqsədi daşıyır. Qeyd olunub ki, layihə sosial inteqrasiyanın güclənməsi və yaradıcı mühitin formalaşması baxımından mühüm platforma rolunu oynayır.
Layihənin ideya müəllifi Mehriban Alşanlı səhnəyə çıxan hər bir uşağın qəhrəman olduğunu vurğulayıb: "Fərqlilik qorxulu deyil, əksinə, insan ruhunun möcüzəsidir. Fərqli düşünən, fərqli danışan uşaqlara inananda onlar bütün saf duyğuları ilə kainatı titrədə bilərlər. Axı onlar bir dünyaya aid deyillər, onların iki dünyası var: həm hiss etdikləri, həm də hiss etdirdikləri".
Daha sonra “Kainatın sükutunu yaradan uşaqlar” bədii səhnə əsəri nümayiş etdirilib.
Səhnə əsəri insanın daxili səssizliyə, səbrə və dinləmə mədəniyyətinə dönüşünü simvolik və poetik dillə əks etdirən dərin məzmunlu bədii kompozisiyadır. Tamaşanın dramaturji xətti boyu vizual, emosional və poetik elementlərin vəhdəti qorunur.
Səhnə əsərində Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın “Dünya yuxutək əriyir” şeirlər toplusundan seçilmiş nümunələrə də yer verilib. Həmin poetik parçalar tamaşanın emosional və estetik təsirini daha da gücləndirir, səhnədə yaradılan ovqatı dərinləşdirir.
Səhnə əsəri böyük maraq və alqışlarla qarşılanıb.
Sonda çıxış edənlər səhnə əsərinin nümayişini təqdirəlayiq hal hesab edib, inklüzivlik prinsiplərinə əsaslanan mədəni layihələrin ölkədə həyata keçirilən sosial və humanitar siyasətin mühüm tərkib hissəsi olduğunu deyiblər. Qeyd olunub ki, fərqli imkanlara malik vətəndaşların mədəni-yaradıcı mühitə cəlb olunması, onların cəmiyyət həyatında fəal iştirakının təmin edilməsi dövlətin strateji prioritetləri sırasındadır və bu istiqamətdə atılan addımlar ardıcıl şəkildə davam etdiriləcək.
Layihədə iştirak edən uşaqlara sertifikatlar təqdim olunub, onların yaradıcı fəaliyyətlərdə fəal iştirakı və göstərdikləri səylər yüksək qiymətləndirilib.
Tədbir çərçivəsində uşaqların əl işlərindən ibarət sərgi də nümayiş etdirilib.




























