Yanvarın 23-də Beynəlxalq Muğam Mərkəzində Əməkdar kollektiv Səid Rüstəmov adına Xalq Çalğı Alətləri Orkestrinin konserti keçirilib.

Konsert proqramı orkestrin 95 illiyinə həsr olunmuş tədbirlər planı çərçivəsində təqdim edilib. Orkestri bədii rəhbər və baş dirijor Mustafa Aşurov idarə edib.

Proqramda orkestrin və solistlərin ifasında Azərbaycan musiqi mədəniyyətinin görkəmli nümayəndələrinin əsərləri, klassik ənənələrə əsaslanan, eyni zamanda müasir yanaşma ilə işlənmiş musiqi nümunələri, yeni aranjimanlar təqdim olunub.

Qeyd edək ki, 2026-cı ildə Səid Rüstəmov adına Xalq Çalğı Alətləri Orkestrinin yaranmasının 95 yaşı tamam olur. Yubiley münasibətilə silsilə konsertlər nəzərdə tutulur.

***

Fəaliyyət göstərdiyi 95 il ərzində orkestr milli musiqi irsinin qorunması, inkişaf etdirilməsi və gənc nəslə ötürülməsində mühüm rol oynayıb. Kollektiv zəngin yaradıcılığı ilə milli musiqi ənənələrinin yaşadılmasına və təbliğinə töhfə verməyə davam edir.

Bunu Səid Rüstəmov adına Xalq Çalğı Alətləri Orkestrinin bədii rəhbəri və baş dirijoru, Prezident mükafatçısı Mustafa Aşurov deyib.

O bildirib ki, yubiley münasibətilə keçirilən tədbirlər planı çərçivəsində Beynəlxalq Muğam Mərkəzində ilk konsert proqramı təqdim olunub. Yubiley ilində bu cür konsertlər davam etdiriləcək.