Mədəniyyət Nazirliyi, "Azərbaycan Dövlət Nəşriyyatı" ("Azərnəşr") və bp şirkətinin birgə layihəsi ilə gözdən əlil oxucular üçün Brayl əlifbasında 19 adda kitab nəşr olunub.
Sağlamlıq imkanları məhdud uşaqlar üçün 5 nömrəli Respublika xüsusi internat məktəbində kitabların təqdimatı keçirilib.
Layihənin rəhbəri "Azərbaycan Dövlət Nəşriyyatı"nın direktoru, Mədəniyyət Nazirliyi Kitab sənayesi şöbəsinin sektor müdiri Xəyal Məmmədovdur. Kitablar "Brayl nəşriyyatı" və "Zərdabi-nəşr" tərəfindən çap olunub.
Təqdimatda Azərbaycan Yazıçılar Birliyinin sədri Xalq yazıçısı Anar, bp-nin Xəzər regionu üzrə kommunikasiya və xarici əlaqələr üzrə vitse-prezidenti Bəxtiyar Aslanbəyli, "Brayl nəşrləri" İnformasiya resurs mərkəzinin direktoru Mayis Muradov çıxış edərək layihənin reallaşması və əhəmiyyəti barədə danışıblar.
Sonra Sabirə Abdullayevanın aparıcılığı ilə bədii proqram təqdim olunub.
Mütəllim Dəmirov, Yaqut Xəlilzadə, Fəxrəddin Salim və Zülfiyyə Qurbanovanın ifasında, Səxavət Məmmədov, Ağa Əliyev və Səid Cabbarlının müşayiəti ilə gözdən əlillərə həsr edilən mahnı və şeirlər səsləndirilib. Gözdən əlil uşaqlar üçün 38 nömrəli onbirillik Musiqi məktəbinin şagirdləri musiqi nömrələri ifa ediblər.
Qeyd edək ki, Brayl əlifbasında "Azərbaycan nağılları", "Kollu koxa" (İsa Muğanna), "Əlaqə" (Anar), "Dəyirman" (Mövlud Süleymanlı), "Adını demədi" (Çingiz Hüseynov), "Mavi nəğmənin sahilində" (Əli Kərim), "Yamacda nişanə" (Sabir Əhmədli), "Soyuq daş" (Yusif Səmədoğlu), "Beş dəqiqə və əbədiyyət" (Elçin), "Payız tənhalığı" (Musa Yaqub), "Bütün yaxşılıqlara ölüm" (Maqsud İbrahimbəyov), "Dağlar bizə baxır" (Səfər Alışarlı), "Qəmimizlə salamlaşaq" (Vaqif Səmədoğlu), "Heykəl tənhalığı" (Salam Sarvan), "Zamandan qovulmuş" (Aqşin Yenisey), "Diqqətdən kənar qalan qadın" (Oskar Uayld), "Şüşə saray" (Səbahəddin Əli), "İstehkam" (Kobo Abe) və "Hars səfəri" (Henrix Heyne) kitabları nəşr olunub.
























