Mədəniyyət Nazirliyi, "Azərbaycan Dövlət Nəşriyyatı" ("Azərnəşr") və bp şirkətinin birgə layihəsi ilə gözdən əlil oxucular üçün Brayl əlifbasında 19 adda kitab nəşr olunub.

Sağlamlıq imkanları məhdud uşaqlar üçün 5 nömrəli Respublika xüsusi internat məktəbində kitabların təqdimatı keçirilib.

Layihənin rəhbəri  "Azərbaycan Dövlət Nəşriyyatı"nın direktoru, Mədəniyyət Nazirliyi Kitab sənayesi şöbəsinin sektor müdiri Xəyal Məmmədovdur. Kitablar "Brayl nəşriyyatı" və "Zərdabi-nəşr" tərəfindən çap olunub.

Təqdimatda Azərbaycan Yazıçılar Birliyinin sədri Xalq yazıçısı Anar, bp-nin Xəzər regionu üzrə kommunikasiya və xarici əlaqələr üzrə vitse-prezidenti Bəxtiyar Aslanbəyli, "Brayl nəşrləri" İnformasiya resurs mərkəzinin direktoru Mayis Muradov çıxış edərək layihənin reallaşması və əhəmiyyəti barədə danışıblar.

Sonra Sabirə Abdullayevanın aparıcılığı ilə bədii proqram təqdim olunub.

Mütəllim Dəmirov, Yaqut Xəlilzadə, Fəxrəddin Salim və Zülfiyyə Qurbanovanın ifasında, Səxavət Məmmədov, Ağa Əliyev və Səid Cabbarlının müşayiəti ilə gözdən əlillərə həsr edilən mahnı və şeirlər səsləndirilib. Gözdən əlil uşaqlar üçün 38 nömrəli onbirillik Musiqi məktəbinin şagirdləri musiqi nömrələri ifa ediblər.

Qeyd edək ki, Brayl əlifbasında "Azərbaycan nağılları", "Kollu koxa" (İsa Muğanna), "Əlaqə" (Anar), "Dəyirman" (Mövlud Süleymanlı), "Adını demədi" (Çingiz Hüseynov), "Mavi nəğmənin sahilində" (Əli Kərim), "Yamacda nişanə" (Sabir Əhmədli), "Soyuq daş" (Yusif Səmədoğlu), "Beş dəqiqə və əbədiyyət" (Elçin), "Payız tənhalığı" (Musa Yaqub), "Bütün yaxşılıqlara ölüm" (Maqsud İbrahimbəyov), "Dağlar bizə baxır" (Səfər Alışarlı), "Qəmimizlə salamlaşaq" (Vaqif Səmədoğlu), "Heykəl tənhalığı" (Salam Sarvan), "Zamandan qovulmuş" (Aqşin Yenisey), "Diqqətdən kənar qalan qadın" (Oskar Uayld), "Şüşə saray" (Səbahəddin Əli), "İstehkam" (Kobo Abe) və "Hars səfəri" (Henrix Heyne) kitabları nəşr olunub.

 ***

Layihə ilə bağlı bp şirkəti də məlumat yayıb. Şirkət Azərbaycanda inklüziv cəmiyyətin təşviqi, inklüziv təhsilin inkişafı və görmə məhdudiyyətli şəxslərin sosial inteqrasiyasının gücləndirilməsinə yönəlmiş sosial təşəbbüsün uğurla başa çatdığını elan edib.

Bildirilir ki, layihədə əsas məqsəd ölkə üzrə 40 mindən çox görmə məhdudiyyətli insanın, o cümlədən təxminən 9000 uşağın mütaliə tələbatını qarşılamaq məqsədilə Brayl əlifbasında nəşr olunmuş Azərbaycan və xarici ədəbiyyat nümunələrindən ibarət müasir kitabxana yaratmaqdır.

Layihənin ümumi dəyəri 133 min manat (78235 ABŞ dolları) təşkil edib. Bu məbləğə əsərlərin Brayl əlifbasında yığılması, redaktə və korrektəsi, eləcə də kitabların dizayn və səhifələmə işləri, habelə 19 adda nəşrin xüsusi kağızda çapı və cildlənməsi xərcləri daxildir. Hər biri 100 nüsxə olmaqla, 19 adda ümumilikdə 1900 nüsxə kitab nəşr olunub.