2025–2026-cı tədris ilinin payız semestri çərçivəsində Xəzər Universitetinin Humanitar, təhsil və sosial elmlər fakültəsinin Filologiya ixtisası üzrə IV kurs tələbələri AMEA-nın Folklor İnstitutunda folklorşünaslıq üzrə elmi-tədqiqat təcrübəsini uğurla başa vurublar. 

Bu barədə Folklor İnstitutundan məlumat verilib.

İnstitutun direktoru filologiya elmləri doktoru Hikmət Quliyev qeyd edib ki, bu cür təcrübə proqramları tələbələrin elmi dünyagörüşünün formalaşmasında, folklorşünaslıq sahəsində praktik bilik və bacarıqlarının inkişafında mühüm rol oynayır və onlar üçün uğurlu platformadır.

Diqqətə çatdırılıb ki, ötən ilin oktyabr–dekabr aylarını əhatə edən təcrübə müddətində tələbələr Folklor İnstitutunun fəaliyyəti ilə yaxından tanış olub, folklorşünaslıq sahəsində aparılan elmi tədqiqatlar və nəşrlər barədə ətraflı məlumat əldə ediblər. Tələbələr institutun təşkilatçılığı ilə keçirilən elmi tədbirlərdə, o cümlədən I Beynəlxalq Türk dünyası ənənəvi musiqi və mədəni kimlik simpoziumunda, “Qərbi Azərbaycan folkloru: problemlər və perspektivlər” II Respublika elmi konfransında, “Laçın: mədəni yaddaşın folklordan görünən izləri”, Qarabağda şanlı Zəfərin 5 illiyinə həsr olunmuş “Qırx dörd günün Zəfər dastanı”, eləcə də “Bəxtiyar Vahabzadə yaradıcılığının folklor konteksti” mövzularında elmi sessiyalarda məruzə və çıxışlar ediblər.

Folklorşünaslıq üzrə elmi-tədqiqat təcrübəsinin nəticələrinin qiymətləndirilməsi meyarlarından bəhs edən Hikmət Quliyev bildirib ki, tələbələrin fəaliyyətləri altı əsas komponent üzrə, o cümlədən təcrübədə iştirak səviyyəsi, təqdimat hazırlama bacarığı, elmi müzakirələrdə fəallıq, tezis və yekun hesabatların hazırlanması, eləcə də sahədən folklor faktlarının qeydə alınması meyarları əsasında qiymətləndirilib.

Xəzər Universitetinin Dillər və Ədəbiyyatlar Departamentinin rəhbəri filologiya üzrə fəlsəfə doktoru, dosent Dilbər Zeynalova qeyd edib ki, müasir dövrün tələblərinə cavab verən ixtisaslı kadrların hazırlanması üçün yalnız auditoriya mühitində nəzəri biliklərin verilməsi kifayət etmir. Praktiki və elmi-tədqiqat təcrübəsi, alim və tədqiqatçılarla bilavasitə ünsiyyət, elmi mənbələrdən istifadə bacarıqlarının formalaşdırılması xüsusi əhəmiyyət daşıyır. Dilbər Zeynalova vurğulayıb ki, Folklor İnstitutunda yaradılan şərait, peşəkar və məsuliyyətli yanaşma tələbələrin elmi-tədqiqat təcrübələrinin yüksək səviyyədə təşkilinə və bilik-bacarıqlarının müasir tələblərə uyğun formalaşmasına imkan yaradıb.

İnstitutun Güney Azərbaycan folkloru şöbəsinin müdiri filologiya elmləri doktoru, dosent Mətanət Abbasova, Folklor və yazılı ədəbiyyat şöbəsinin müdiri filologiya elmləri doktoru, dosent Leyla Məmmədova da çıxış edərək tələbələrin təcrübə müddətində fəal iştirakını və elmi-tədqiqat işlərinə böyük maraq göstərdiklərini vurğulayıblar.

Tədbirin sonunda tələbələrə sertifikatlar təqdim edilib.