Yanvarın 21-də Abdulla Şaiqin Mənzil-Muzeyində “Elmdə iz qoyan ömür – Kamal Talıbzadə” adlı anım tədbiri keçirilib. Tədbir görkəmli ədib Abdulla Şaiqin oğlu, ədəbiyyatşünas alim, Azərbaycanda ədəbi tənqid məktəbinin banilərindən biri akademik Kamal Talıbzadənin (14.8.1923 – 20.1.2006) vəfatının 20-ci ildönümünə həsr olunub.

Bu barədə muzeydən məlumat verilib.

Tədbiri aparıcı Günel Əsədova açıb. Azərbaycan tarixinin qan yaddaşı olan 20 Yanvar faciəsi şəhidlərinin, eləcə də görkəmli alim Kamal Talıbzadənin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Xalq artisti Mübariz Tağıyevin ifasında Zeynəb İsmayılzadənin Abdulla Şaiqin məşhur şeirinə yazdığı “Şaiqanə yad et!” mahnısı səsləndirilib.

Tədbirdə ilk olaraq akademik Kamal Talıbzadənin qızı, Abdulla Şaiqin Mənzil-Muzeyinin direktoru Ülkər Talıbzadə çıxış edib. O, qonaqları salamlayaraq qeyd edib ki, Kamal Talıbzadə təkcə böyük ədəbiyyatşünas alim deyil, həm də əsl mədəniyyət xadimi idi. O, atası Abdulla Şaiqin zəngin irsini yaşatmaq naminə böyük zəhmət çəkərək bu muzeyi yaradıb, ömrünün sonunadək ədəbiyyatşünaslıq elminə və milli mədəniyyətimizin inkişafına xidmət edib.

Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun elmi katibi, Kamal Talıbzadənin aspirantı olmuş filologiya üzrə fəlsəfə doktoru Aygün Bağırlı çıxışında vurğulayıb ki, ədəbiyyatşünaslar Abdulla Şaiq irsinə və bu irsin ən böyük davamçılarından biri olan Kamal Talıbzadə şəxsiyyətinə daim minnətdardırlar. O, Kamal müəllimin ədəbiyyat tarixində apardığı tədqiqatların bu gün də elmi əhəmiyyətini qoruyub saxladığını diqqətə çatdırıb.

Filologiya elmləri doktoru, professor Bədirxan Əhmədov çıxışında Kamal Talıbzadənin Azərbaycan ədəbiyyatşünaslığına verdiyi mühüm töhfələrdən danışıb. Qeyd etdi ki, Kamal müəllimin əsərləri bu gün də dərslik səviyyəsindədir. Xüsusilə Abbas Səhhətin yaradıcılığı ilə bağlı apardığı araşdırmalar elmi dövriyyəyə yeni faktlar gətirib və bu gün də geniş şəkildə istifadə olunur. Bədirxan Əhmədov “XX əsr Azərbaycan ədəbiyyatı tarixi” kitabını muzeyə hədiyyə edib.

Ədəbiyyat İnstitutunun elmi işçisi, filologiya elmləri doktoru Şahbaz Musayev Kamal Talıbzadəni həm mükəmməl alim, həm də yüksək mənəvi keyfiyyətlərə malik insan kimi xarakterizə edib. Vurğulayıb ki, Azərbaycan ədəbi tənqidinin tarixi Kamal Talıbzadə şəxsiyyəti olmadan təsəvvür edilə bilməz. Alim hələ sovet dövründə Əhməd Ağaoğlunun əsərlərini çapa hazırlayıb, Firudin bəy Köçərli, Abdulla Sur və Atababa Musaxanlı haqqında dəyərli elmi araşdırmalar ortaya qoyub.

Filologiya üzrə fəlsəfə doktoru, ADPU-nun dosenti Razim Məmmədov çıxışında Abdulla Şaiqin Mənzil-Muzeyinin yaradılmasında Kamal Talıbzadənin müstəsna rolundan bəhs edib. Bildirib ki, bu muzeyin yaradılması Bakıda digər ev-muzeylərinin fəaliyyətə başlamasına da mühüm töhfə verib.

“Borçalı Cəmiyyəti” İctimai Birliyinin sədri Ramiz Həsənov çıxışında görkəmli alim və pedaqoqun gənclərə göstərdiyi mənəvi dəstəyi xatırladıb. Bildirib ki, vaxtilə Borçalıdan təhsil almaq üçün gələn gənclər üçün Kamal müəllimin tövsiyələri və qayğıkeş münasibəti böyük dayaq olub. R.Həsənov “Borçalı Cəmiyyəti” adından üzərində Kamal Talıbzadənin portreti həkk olunmuş kiçik xalçanı muzeyə hədiyyə edib. Cəmiyyətin üzvü şairə Səadət Novruz qızı Borçalıya həsr edilmiş şerini söyləyib.

Tədbirin bədii hissəsində muzeyin əməkdaşı Fəridə Məmmədova Abdulla Şaiqin oğlu Kamala həsr etdiyi “Ata öyüdü” şeirini qiraət edib.

“Muğam” Televiziya Müsabiqəsinin laureatı, xanəndə Yusif Cəfərbəyli, tarzən Səxavət Məmmədov və kamançaçı Mahir Quliyevin ifasında xalq mahnıları səsləndirilib.

Sonda akademik Kamal Talıbzadənin həyat və yaradıcılığına həsr olunmuş videoçarx nümayiş etdirilib.