Tarixdəki olaylar
21 yanvar 1654 – Pereyaslav Radasında Ukraynanın Rusiyaya birləşdirilməsi barədə qərar qəbul edilib. Ukrayna getmanı Boqdan Xmelnitskinin təşəbbüsü ilə çıxarılan qərara əsasən, Krım və Qərbi Ukrayna istisna olmaqla, indiki Ukraynanın ərazisi Rusiya çarlığına birləşdirilib.
21 yanvar 1732 – Səfəvi dövləti ilə Rusiya arasında Rəşt müqaviləsi bağlanıb. Müqaviləyə əsasən, Rusiya I Pyotrun vaxtında işğal etdiyi Xəzəryanı əraziləri – Kür çayından şimalda yerləşən Azərbaycan torpaqlarını Səfəvi dövlətinə qaytarıb. Səfəvi dövləti isə Rusiyanın regionda rəqibi olan Osmanlını bu ərazilərə buraxmamaq barədə öhdəlik götürüb. Rusiya tacirləri Səfəvi dövləti ərazisində rüsumsuz ticarət etmək hüququ əldə ediblər.
21 yanvar 1992 – Azərbaycan İsveçrə Konfederasiyası və Lixtenşteynlə diplomatik münasibətlər qurub.
Tarixdəki adlar (mədəniyyət, ədəbiyyat)
21 yanvar 1906 – SSRİ Xalq artisti, məşhur baletmeyster İqor Aleksandroviç Moiseyev (1906 – 2.11.2007) anadan olub.
21 yanvar 1907 – Tanınmış tarixçi və iqtisadçı, akademik Əlisöhbət Sumbat oğlu Sumbatzadə (1907 – 22.1.1992) Bakının Əmircan kəndində doğulub. Azərbaycan xalqının etnogenezinə dair tədqiqat əsərlərinin müəllifidir.
21 yanvar 1924 – Məşhur bəstəkar, Xalq artisti Şəfiqə Qulam qızı Axundova (1924 - 26.7.2013) Şəkidə doğulub. Azərbaycanda opera (“Gəlin qayası”) yazmış ilk qadın bəstəkardır. “Ev bizim, sirr bizim” operettasının, populyar mahnıların (“Mehriban olaq”, “Nədən oldu” və s.), romansların müəllifidir.
21 yanvar 1950 – Xalq şairi Zəlimxan Yusif oğlu Yaqub (1950 – 9.1.2016) Gürcüstanın Bolnisi rayonunun Kəpənəkçi kəndində doğulub. “Könlümün səsi”, “Yolum eldən başlanıb”, “Od aldığım ocaqlar”, “Şairin taleyi” və s. kitabların müəllifidir. Milli Məclisin deputatı (1995-2005), Azərbaycan Aşıqlar Birliyinin sədri (2008-2016) olub.
21 yanvar 2000 – Görkəmli bəstəkar, Xalq artisti Süleyman Əyyub oğlu Ələsgərov (22.2.1924 – 2000) vəfat edib. “Ulduz”, “Özümüz bilərik”, “Milyonçunun dilənçi oğlu” operettaları, “Bahadır və Sona”, “Solğun çiçəklər” operaları, “Bayatı-Şiraz” simfonik muğamı və digər musiqi əsərlərinin müəllifidir.
21 yanvar 2008 – Azərbaycan vokal sənətinin tanınmış nümayəndəsi, SSRİ Xalq artisti Lütfiyar Müslüm oğlu İmanov (17.4.1929 – 2008) vəfat edib. Opera və Balet Teatrında çalışıb, operalarda baş partiyaları ifa edib, Bakı Musiqi Akademiyasının professoru olub.
21 yanvar 2021 – Əməkdar mədəniyyət işçisi Arif İzzət oğlu Həbibi (1.6.1943 – 2021) vəfat edib. “Azərbaycanfilm”də rejissor assistenti, dublyaj rejissoru işləyib.
Hazırladı: Vüqar Orxan























