Gəncə-Daşkəsən Regional Mədəniyyət İdarəsinin təşkilatçılığı, Gəncə Şəhər İcra Hakimiyyətinin dəstəyi ilə yanvarın 15-də Azərbaycanın görkəmli sərkərdəsi və dövlət xadimi, Gəncə xanlığının sonuncu hökmdarı Cavad xanın (1748–1804) xatirəsi yad edilib.

Tədbirdə rəsmilər, mədəniyyət işçiləri, ziyalılar və gənclər iştirak ediblər.

Anım mərasiminin iştirakçıları Cavad xanın Gəncə şəhərindəki türbəsini ziyarət edib, məzarı üzərinə tər çiçəklər düzüblər. Din xadimi Cavad xanın ruhuna dua oxuyub.

Cavad xanın Azərbaycan tarixindəki rolu, Gəncənin müdafiəsi uğrunda göstərdiyi qəhrəmanlıq və vətənpərvərlik nümunəsindən söz açılıb. Qeyd olunub ki, Cavad xan xalqımızın azadlıq və mübarizə ruhunun simvoludur. Onun igidliyi və fədakarlığı bu gün də gənc nəslə örnəkdir.

Xatırladaq ki, 3 yanvar (yeni təqvimlə 15 yanvar) 1804-cü ildə rus qoşunlarının Gəncəyə hücumu zamanı Cavad xan oğlu Hüseynqulu xan və yüzlərlə Gəncə sakini ilə birlikdə düşmənlə qəhrəmancasına vuruşaraq şəhid olub.